22-07-2017 11:08:44

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi-FOTOLAR

20 iyul 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi. İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, fəal gənclər iştirak etdilər.

İclası giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov iştirakçıları salamladı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı. Dövlət başçısı cənab İlham Əliyevə və Binəqədi rayonunda partiyanın Gənclər Birliyinin fəaliyyətinə dəstək göstərdiyi üçün rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova minnətdarlığını bildirdi. Daha sonra iclasın gündəliyi barədə ətraflı məlumat verdi. Bildirdi ki, gündəliyə əsasən Gənclər Birliyinin 2017-ci ilin I yarımilliyi ərzində gördüyü işlərin hesabatı və Gənclər Birliyinin sədr və sədr müavinləri vəzifələrinin həvalə edilməsi məsələləri müzakirə olunacaq.

Gündəliyə əsasən YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı, Gənclər Birliyinin Şura üzvü Kubra Əliyarlı Gənclər Birliyinin 2017-ci ilin I yarımilliyi üzrə hesabatını diqqətə çatdırdı. Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi 2017-ci ilin I yarımilliyi ərzində öz işini partiyanın nizamnamə və proqramına, eləcə də partiya rəhbərliyinin və rayon təşkilatının rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, Gənclər Birliyinin 2017-ci ilin I yarımilliyi üzrə qəbul edilmiş müvafiq Fəaliyyət Planına uyğun qurub. Qeyd etdi ki, Gənclər Birliyi tərəfindən ümummilli lider Heydər Əliyev irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, ölkə prezidenti, partiyanın sədri cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətinə həsr olunmuş ideoloji işlərin aparılması, gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.

İclasda çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov bildirdi ki, bu gün ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Qeyd etdi ki, Binəqədi rayonunda gənclərin müxtəlif dövlət vəzifələrində geniş təmsili dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsidir. Binəqədi gəncləri daim fərqlənir, respublika miqyasında hər zaman öncül yerlərdə təmsil olunurlar.

İclasda YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalı Fəsli Nəbiyev çıxış edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyasının ətrafında yüksək savada, intellektə sahib olan vətənpərvər gənclər sıx şəkildə birləşib. Partiyanın sıralarının gəncləşməsinin əsas səbəbi gənclərin partiyaya olan güvəni və inamı ilə birbaşa əlaqəlidir. Ulu öndərin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası üçün gənclərə geniş imkanların yaradılması, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılması prioritet istiqamətlərdəndir. Məhz bu səbəbdən partiyanın gənclər üçün çox böyük önəmi var və bu gün 700 minlik üzvə sahib olan partiyada üzvlərin 40 faizini gənclər təşkil edir.

İclasda çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalı Sona Quliyeva ölkəmizin bütün regionlarında olduğu kimi, Binəqədi rayonunda da gənclər siyasətinin uğurla davam etdirildiyini söylədi. Bildirdi ki, Binəqədi gəncləri vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.  Həmçinin Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı siyasi qüvvə olmaqla yanaşı partiya gənclərinin davamlı inkişafında müstəsna rol oynadığını, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşması və inkişafındakı misilsiz rolundan bəhs etdi.

Daha sonra gündəlikdəki ikinci məsələ ilə bağlı təkliflər səsləndirildi və qərar qəbul edildi. Qərara əsasən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədrinin səlahiyyətləri müvəqqəti olaraq Fəsli Nəbiyevə, sədr müavinlərinin səlahiyyətləri isə Sona Quliyeva, Fərhad Hacıyev və Ziya Qasımlıya həvalə edildi.

İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə prezidenti cənab İlham Əliyevin siyasi rəhbərliyi ilə gənclərin yüksək təhsil alması, hərtərəfli inkişaf etməsi, ictimai-siyasi sabit ölkədə uğurla fəaliyyət göstərməsi üçün mühüm islahatların həyata keçirildiyini bildirdi. Bu gün Azərbaycan gənclərinə yaradılan şəraitin, onlara göstərilən diqqət və qayğının əsl nümunə olduğunu, gənclərin bu şəraitdən səmərəli istifadə edərək daim dövlətimiz və xalqımız üçün səylə çalışdıqlarını bildirdi. Bütün ölkə gəncləri kimi Binəqədi rayonunun gənclərinin də mühüm uğurlar qazandıqlarını, onların müxtəlif dövlət qurumlarında məsul vəzifələrə önə çəkildiklərini qürurla qeyd etdi. Xaləddin İsgəndərov sədr və sədr müavinlərinin vəzifələri həvalə edilən gəncləri təbrik edərək onlara uğurlar arzuladı və YAP Gənclər Birliyinin, ümumiyyətlə rayon gənclərinin qarşısında duran vəzifələrdən ətraflı söhbət açaraq, öz tövsiyyə və tapşırıqlarını verdi.

İclasa Ramiz Göyüşov yekun vurdu. YAP Binəqədi rayon Təşkilatının gənclərin inkişafı üçün bundan sonra da dəstək göstərəcəyini bildirdi.

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2
Xəbər 272 dəfə oxunub
All rights reserved.