31-07-2017 12:04:07

YAP Binəqədi rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi-FOTOLAR

29 iyul 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların və Yeni Azərbaycan Partiyasının fəal gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi.

Ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirdi ki, bina 3 mərtəbədən ibarətdir. Biirinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi. İkinci mərtəbədə isə Hacı Zeynalabdın Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verildi ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilib və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib. Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və b. yerlərdə aparılan qazıntı işləri Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Məhz bu ekspedisiyalar, eləcə də muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı.

Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının kollektivinə bildirildi ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.A.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzey ümumilikdə 9 otaqdan ibarətdir və xatirə muzeyinin ekspozisiyası H.Z.A.Tağıyevin iş kabinetindən başlayır. Qeyd edildi ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.

Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı gənclərimizin tariximizi, mədəni irsimizi, adət-ənənələrimizi daha dərindən öyrənməsi, eləcə də onların yüksək səviyyədə təbliğ edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi olaraq bu cür görüşlər, səfərlər təşkil edir.


 

YAP Binəqədi rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər 304 dəfə oxunub
All rights reserved.