26-08-2017 13:27:08

YAP Binəqədi rayon Təşkilatında Mehriban xanım Əliyevanın doğum günü qeyd edildi-FOTOLAR

26 avqust 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təşkilatın əməkdaşlarının və partiyanın gənc fəallarının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin kollektivinin iştirakı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü qeyd edildi.

Görüşdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov bu günkü əlamətdar tarix haqqında ətraflı məlumat verdi. Daha sonra Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə geniş toxunaraq onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açdı. Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin, səhiyyəsinin, mədəniyyətinin, idmanının inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı ətraflı danışdı. Mehriban xanım Əliyevanın ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti ilə müasir dövrdə Azərbaycan və dünya qadınlarına ən gözəl nümunə olduğunu qeyd etdi.

Ramiz Göyüşov həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və s. sahələrdə həyata keçirdiyi layihələrdən bəhs etdi. Məhz birinci xanımın əzmkar səyləri nəticəsində ölkəmizin YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatda yüksək səviyyədə təmsil olunduğunu və muğamın, aşıq sənətinin, Novruz Bayramının, Azərbaycan kələğayısının, Qız Qalasının, Azərbaycan milli mətbəxinə məxsus lavaşın bu beynəlxalq təşkilatın maddi-irs siyasına daxil edildiyini diqqətə çatdırdı.

Ramiz Göyüşov qeyd etdi ki,Heydər Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələr böyük  beynəlxalq nüfuz qazanıb. Azərbaycan dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi tanınır. Bunlarla yanaşı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, “Yeniləşən Azərbaycan yeni məktəb” və s. mühüm proqramların icrası nəticəsində çoxlu sayda məktəb binaları və uşaq bağçalarının tikildiyini xatırlatdı.

Görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı və YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri vəzifəsini icra edən Fəsli Nəbiyev çıxış edərək Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti barədə fikirlərini bildirdilər.

Görüşün sonunda iştirakçılar Mehriban xanım Əliyevanı təbrik edərək ona ən xoş arzularını bildirdilər. Daha sonra tort kəsildi və görüş səmimi söhbət əsasında davam etdirildi.

 

YAP Binəqədi rayon Təşkilatında Mehriban xanım Əliyevanın doğum günü qeyd edildi
 
 
 
 
 
 
 
 
Xəbər 537 dəfə oxunub
All rights reserved.