06-04-2018 13:06:41

YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi-FOTOLAR



06 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov bildirdi ki, son 15 ildə ölkədə aparılan ardıcıl iqtisadi islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Azərbaycan hökuməti 2003-cü ildən başlayaraq 15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla  sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası  regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımalarının mərkəzinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub-Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Ələt Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın başlanğıcını qoydu. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycanda qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək və ölkəmizi regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirəcək. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axını təmin ediləcək ki, bu da öz növbəsində xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Ramiz Göyüşov çıxışının sonunda bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırdı.

Publisist, şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı görüşdə nitq söyləyərək vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin ulu öndər Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir. Xalqımızın hamisi və qarantı İlham Əliyev siyasətinin gücü və ali məqsədi məhz dövlətə və xalqa xidmətdir.  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  hərtərəfli düşünülmüş siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial - iqtisadi inkişaf sahəsində əldə olunan inkişaf səviyyəsi imkan verəcək ki, zaman keçdikcə  Azərbaycan daha böyük nailiyyətlər əldə etsin. Bütün görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Əkbər Qoşalı xalqımız üçün taleyüklü məsələ olan bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində bütün xalqımızı həmrəy olmağa və cənab İlham Əliyevə səs verməyə çağırdı.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalov çıxışında qeyd etdi ki, bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq  işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır. Prezident  İlham Əliyev Heydər Əliyevin siyasi kursunun layiqli varisi və davamçısıdır. Həm də Prezident İlham Əliyev Azərbaycan istiqlalı və dövlətçiliyinin qurucusu kimi şanlı müstəqillik yolunun, şərəfli istiqlal irsinin varisidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir.  Son 15 ildə yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə ölkəmizdə yaşayan azərbaycanlıların yox, 50 milyonluq  bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Onun sözlərinə görə dövlətimizə və xalqımıza bu firavanlığı, inkişafı və tərəqqini yaşadan liderə daim dəstək olmalı və onun ətrafında sıx birləşməliyik. Tünzalə Zeynalova bütün seçiciləri dövlət başçısının ətrafında sıx birləşməyə və seçkilərdə fəallıq göstərərək ona dəstək olmağa dəvət etdi.

Görüşdə çıxış edən bir qrup seçici – İmaş Eyvazov, Elvin Əjdərli, Rüfət Orucov, Sultan Salmanov və başqaları çıxış edərək cənab İlham Əliyevə dəstəklərini ifadə ediblər və seçkilərdə ona səs verəcəklərini bildiriblər.

 
Kubra Əliyarlı

YAP Mərkəzi seçki Qərargahının Binəqədi rayon Şöbəsində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi
 
 
 
 
 
 
 
 


Xəbər 538 dəfə oxunub
All rights reserved.