09-04-2018 13:12:08

Binəqədililər “İlhamla İrəli” deyir-FOTOLAR



07 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov qeyd etdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində çoxsaylı uğurlar əldə edilib. Təbii ki, hər bir uğur ulu öndər Heydər Əliyevin dərin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının, müdrik və uzaqgörən siyasətinin təzahürüdür. Dövlət başçısı cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ oldu. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, davamlı və dayanıqlı iqtisadi inkişafın formalaşması ili kimi yaddaşlarda qaldı. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişləndi, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası daha intensiv xarakter almağa başladı. Milli iqtisadiyyatımızın daha da inkişafı sonrakı mərhələlərdə digər sahələrin inkişafına da əsaslı şərait yaratdı. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan cənab İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr oldu, səmərəli intensiv islahatlar uğurla həyata keçirildi. Ramiz Göyüşov bütün seçicilərə səslənərək uğurlarımızın etibarlı zəmanəti olan dövlət başçısı, Prezidentliyə ən layiqli və alternativsiz namizəd cənab İlham Əliyevə dəstək olmağa və ona səs verməyə çağırdı.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında bildirdi ki, cənab İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik quruculuğu siyasətini uğurla davam etdirərək peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanıb. Dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən etibarən iqtisadi islahatlar daha da sürətlənib, ölkəmizdə davamlı və dinamik inkişafa nail olunub. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Millət vəkili ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili siyasəti və beynəlxalq nüfuzu haqqında ətraflı danışaraq bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

Publisist, şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı görüşdə nitq söyləyərək vurğuladı ki, Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas iştirakçılardan  birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilib, istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin müddətinin daha 50 il uzadılması ilə bağlı müvafiq razılaşmanın əldə olunması sayəsində Azərbaycana külli miqdarda investisiya axınının başlaması deyilənlərin əyani sübutudur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir: Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı. Eyni zamanda Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının olması və s. irimiqyaslı layihələr ölkəmizin sürətli inkişafının mühüm göstəricisidir. İndi Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi ölkəmiz üçün geniş perspektivlər vəd edir. Əkbər Qoşalı Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasi strategiyası nəticəsində mühüm uğurlar qazanmasını təqdir edərək bütün seçiciləri prezident seçkilərində fəal olmağa və dövlət başçısını dəstəkləməyə səslədi.

YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin Təbliğat Qrupunun üzvü Aslan Mehdiyevin sözlərinə görə Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun milli maraqları dayanır. Əhalinin rifahının daha da yaxşılaşdırılması, sosial problemlərinin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır, ciddi islahatlar həyata keçirilir. Son 14 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıb.

Görüşdə həmçinin çıxış edən bir qrup seçici – Rasim Daşdəmirov, Almaz Hacıyeva, Tofiq Mövsümov, İlham Qayıbov və başqaları çıxış edərək cənab İlham Əliyevə dəstəklərini ifadə etdilər və seçkilərdə ona səs verəcəklərini bildirdilər.

Binəqədililər “İlhamla İrəli” deyir
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2
Xəbər 451 dəfə oxunub
All rights reserved.