03-10-2018 07:00:12

YAP Binəqədi rayon təşkilatında “Azərbaycanda qadınlara ilk dəfə seçki hüququnun verilməsi” adlı interaktiv tədbir keçirildi-FOTOLAR



02 oktyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə “Azərbaycanda qadınlara ilk dəfə seçki hüququnun verilməsi” adlı interaktiv tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva bütün qonaqları salamladı. Qadınlar Şurası olaraq fəal qadınların iştirakı ilə silsilə tədbir və layihələrin keçirildiyini və bu günkü tədbirin də onlardan biri olduğunu bildirdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən, cümhuriyyətin 100 illiyinin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan tarixən ağır keşməkeşlərdən keçib və xalqımız bu sınaqlarda hər zaman öz mərdliyini, mübarizliyini qoruyub-saxlayıb. Bu çətin dövrlərdə xüsusilə qadınlarımız da kişilərimizlə bərabər çiyin-çiyinə vuruşub, öz vətənpərvərliyini, qorxmazlığını əməli ilə sübut edib. Bu gün Azərbaycan qadını öz sözünü deyir və ailədəki, müxtəlif sahələrdəki uğurlu fəaliyyəti ilə böyük potensilalını dövlətçiliyimizin, vətənimizin və millətimizin inkişafı yolunda sərf edir. Aytac Əliyeva həmçinin bu günkü tədbirin mövzusu olaraq azərbaycanlı qadınlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs etdi. Bu diqqət və qayğının çox dərin tarixə Cümhuriyyət dövrünə qədər gedib çatdığını diqqətə çatdırdı.

Daha sonra professor Rəna Mirzəyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin və layihələrin yüksək əhəmiyyətindən bəhs etdi. Bu cür tədbirlərin şərəfli cümhuriyyət tarixinin insanlara çatdırılması, onların maarifləndirilməsi, onlara daha dərin bilik və məlumatların çatdırılması istiqamətində mühüm rol oynadığını söylədi. Qeyd etdi ki, qadın ailədə uğurlu olduğu qədər ictimai həyatda da uğurlu və məqsədyönlü olmalıdır. Dövlətinin, vətəninin inkişafı, tərəqqisi yolunda var gücü ilə çalışmalıdır. Bunun üçün qadının hansı sahədə çalışmasından asılı olmayaraq o öz məqsədini, hədəfini qarşıya qoymalı və bu istiqamətdə səmərəli, məhsuldar fəaliyyət göstərməlidir. Qadınlarımız böyük qüvvədir. Onlar tarixin müxtəlif dövrlərində öz bilik və bacarıqları, prinsipial mövqeyi ilə seçilib. Bu gün də bu tendensiya davam edir. Sadəcə bir qrup qadınlarımızla daha çox iş aparılmalı, onlar maarifləndirilməli, onlarla stimul verilməsi məqsədilə görüşlər keçirilməlidir. Qadınlarımız anlamalıdırlar ki, dövlətimizin onlara yaratdığı şəraitdən maksimum istifadə edərək bu dövlətin çiçəklənməsi üçün daim yorulmadan çalışmalıdırlar.

Dosent Hüseyn İbrahimov da qarşılıqlı diskussiya şəklində çıxış edərək qadınların cəmiyyətdəki yeri və rolu haqqında məlumat verdi. Qadınlara verilən bir sıra hüquqlarla yanaşı Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilən seçib, seçilmək hüququndan da bəhs etdi. Bu hüquqların qadınlara xüsusi stimul olduğunu, onların cəmiyyətdə özünə layiqli yer tutması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsi olduğunu qeyd etdi. Bu gün ölkəmizdə həyata keçirilən qadın siyasətindən, qadınların hərtərəfli inkişafı, cəmiyyətə tam fəal vətəndaşlar olaraq adaptasiya olunması istiqamətində görülən işlərdən danışdı. İnteraktiv keçirilən tədbirdə qadınlara bir sıra suallar ünvanladı.

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Səkinə Babayeva, şura üzvləri Kubra Əliyarlı, Yeganə Cabbarlı çıxış edərək cümhuriyyətin 100 illiyi və qadınların cəmiyyətdəki rolundan danışdılar. Onlar öz fəaliyyət istiqamətlərinə istinad edərək qadınların aktiv fəaliyyətinin daha da artırılması istiqamətində gördükləri işlərdən, keçirilən tədbirlərdən bəhs etdilər.


YAP Binəqədi rayon təşkilatında “Azərbaycanda qadınlara ilk dəfə seçki hüququnun verilməsi” adlı interaktiv tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 



Xəbər 258 dəfə oxunub
All rights reserved.