07-12-2018 13:17:41

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Heydər Əliyev irsini öyrənirik” dərslərinə start verildi-FOTOLAR



07 dekabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayonunun 126, 143 və 283 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsini öyrənirik” dərslərinə start verildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov, Binəqədi rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin direktorları, şagirdləri və YAP fəalları iştirak edirdilər.

Tədbirin rəsmi hissəsi başlamazdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova Bakı şəhərinin məktəbləri arasında təşkil edilən və ümummilli lider Heydər Əliyevin həyatından və fəaliyyətindən bəhs edən “Heydər Əliyev irsini öyrənirik” dərsləri haqqında məlumat verdi. Bu dərslərin yüksək əhəmiyyətindən danışaraq şagirdlərin maarifləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırdı.

Daha sonra dərslərin birinci günü Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda geniş mühazirə ilə çıxış etdi. Ramiz Göyüşov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olub. Bu baxımdan ulu öndərin zəngin və çoxşaxəli irsi daim araşdırılmalı, öyrənilməli və gənclərə çatdırılmalıdır. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başlanan siyasi hakimiyyəti, keçmiş SSRİ daxilində daşıdığı yüksək dövlət vəzifələrində olarkən Azərbaycanın milli maraqlarına xidmət edən əvəzsiz fəaliyyəti haqqında ətraflı məlumat verdi. Keçmiş SSRİ Nazirlər Sovetinin I müavini olarkən Azərbaycanın inkişafı üçün gördüyü işlərdən bəhs etdi. 1982-1987-ci illərdə məhz milli maraqlarını sarsıtmaq, Azərbaycanla bağlı planlarını alt-üst etmək üçün SSRİ rəhbərliyinin ulu öndərə qarşı amansız siyasi repressiyalarından danışdı. 1990-cı ilin 20 yanvarında Bakıda törədilən faciə zamanı Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə getdiyini, xalqla birgə olaraq Sovet rəhbərliyinin siyasətini pisləyən bəyanatla çıxış etdiyini söylədi. Ramiz Göyüşov məruzəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyimizin bərpasından sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına ciddi əsasların olduğunu, 1990-cı illərin əvvəllərində Azərbaycanda hərc-mərcliyin baş alıb getdiyini, ölkənin parçalandığını vurğuladı. Müxtəlif vaxtlarda qiyamların baş verdiyini, dövlətin və xalqın taleyinin ciddi təhlükələrlə üz-üzə qaldığını bildirdi. Lakin ulu öndər Heydər Əliyevə xalqın inam və etibarından qaynaqlanaraq 91-lər hərəkatının vüsət aldığını və Azərbaycan xalqının 91 nəfər ziyalısının təkidli xahişi ilə Yeni Azərbaycan Partiyasının təsis olunduğunu, tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Milli Məclisin sədri, daha sonra həmin ilin oktyabr ayının 3-də xalqın mütləq əksəriyyətinin səsverməsi ilə prezident seçildiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi müddətində müxtəlif sahələrdə əldə olunan uğurlardan, həyata keçirilən islahatlardan danışdı. Atəşkəsin imzalanmasından və “Əsrin Müqaviləsi”ndən ətraflı  bəhs etdi.

Ramiz Göyüşov daha sonra şagirdlərin çoxsaylı suallarını cavablandırdı.

Tədbirin sonunda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov çıxışında Heydər Əliyevin Azərbaycanın inkişafı və təhlükəsizliyinin təminatı sahəsində misilsiz fəaliyyətlərindən danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir.

Tədbirin sonunda birgə xatirə şəkli çəkdirildi.


Kubra Əliyarlı


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Heydər Əliyev irsini öyrənirik” dərslərinə start verildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2


Xəbər 418 dəfə oxunub
All rights reserved.
Error