22-01-2019 05:54:09

Ramiz Göyüşov: Zəlimxansevərləri təbrik edir



Hörmətli Dostlar! Bu gün yanvarın 21-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,fenomenal yaddaşa malik, mahır saz bilicisi və ifaçısı,alövlu tribun,xalq admı, Xalq Şairi Zəlimxan Yaqubun ad günüdür. Bu gün münasibətilə bütün Zəlimxansevərləri təbrik edir,Böyük şairə ruhun şad olsun deyir və 2014-cü ildə onun yaradıcılığı haqqında yazdığım bir yazını Sizinlə paylaşıram.

Dahi şəxsiyyət haqqında möhtəşəm əbədiyyət dastanları

Zəlimxan Yaqub dilimizin zənginliklərindən, tükənməz imkanlarından, gözəlliklərindən ustalıqla, məharətlə istifadə edərək sözdən abidələr yaradır. Onun şeirlərinin hər bəndi, hər sətri, hətta hər sözü yerindədir. Bu şeirlərdə təkcə qafiyə yox, bir nizam var, nizamla bərabər məna var və bunun nəticəsidir ki, onun şeirləri bu qədər güclüdür və həm də bu qədər oxunaqlı və yaddaqalandır.

Zəlimxan Yaqubun yaradıcılığının ən maraqlı və diqqətçəkən cəhətlərindən biri onun mövzularının müqəddəsliyində, qutsallığındadı,böyüklüyündədir.

Diqqət yetirin, şairin şeirlərinin mövzusu dünyaya göz açdığı evdir, eldir, obadır, kənddir, mahaldır, Dərbənddir, Göyçədir, Borçalıdır, Qarabağdır, Kərkükdür, Təbrizdir, Türk elləridir, Turandır.

Zəlimxan Yaqubun lirik qəhrəmanları Şah İsmayıldır, Aşıq Ələsgərdir, Yunis İmrədir, Heydər Əliyevdir və nəhayət Peyğəmbərdir.

Zəlimxan Yaqubun mövzularının hər biri böyük bir tədqiqatın obyektidir və onlara cild-cild kitablar yazılır və yazılacaqdır.

Mən bu yazıda şairin mövzularından biri haqqında söhbət açmaq istəyirəm.

Azərbaycanın dövlətçilik tarixinin qırx ildən çox bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on bir ildən çox vaxt keçməsinə baxmayaraq, o xalqın

qəlbində yaşayır və hələ uzun illər yaşayacaq, nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır.

Ümummilli liderimiz öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlğı ilə öz adını Azərbaycan tarixinə əbədi həkk eləmiş nadir şəxsiyyətlərdəndir.

Heydər Əliyevin keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir.

Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz səhifəsini yazmamış

olsun.

Qədirbilən xalqımız, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin nümayəndələri Ulu

öndərimizin Azərbaycan dövlətçiliyinə, xalqına, adət-ənənəsinə göstərdiyi bu misilsiz xidmətləri unutmamış, onu öz yaradıcılıqlarında vəsf etmiş, şərəfinə abidələr ucaltmış, musiqilər, şeirlər, nəsr əsərləri, poemalar, publisistik yazılar,

xatirələr və s. yazmışlar.

Heydər Əliyev fenomenini öz əsərlərində tərənnüm edən yaradıcı ziyalılarımızdan biri də Xalq şairi

Zəlimxan Yaqubdur.

Zəlimxan Yaqub Ümummilli liderimiz Heydər Əliyevi tərənnüm edən çoxsaylı əsərlər yaratmşdır.Bu əsərlə-rin hamısı sairin ən sevimli nəğmələridir.

Təbii ki, bu əsərlərin zirvəsində “Böyük ömrün dastanı” və “Əbədiyyət dastanı” dayanır.

Əslində Zəlimxan Yaqub bu əsərləri yaratmaqla Ulu Öndərə yazılı bir abidə ucaltmışdır. Bu günümüzdə

hələ çox zamanlar keçəcək, nəsillər Heydər Əliyev dahiliyini, böyüklüyünü, onun həyat yolunu, fəaliyyətini, istedadını həm də Zəlimxan Yaqubun dastanlarından öyrənəcəklər.

Təbii ki, Zəlimxan Yaqub bu iki möhtəşəm abidəni birdən-birə yaratmamışdır. Buna qədər şair uzun bir yol qət etmişdir.

1990-cı illərin əvvəlləri Azərbaycan ölüm-dirim savaşında, olum -ölüm sualı qarşısında idi. Belə bir zamanda xalqın bir ağsaqqala, başbilənə, böyüyə, rəhbərə son dərəcə ciddi bir ehtiyacı var idi. Hamı üzünü bir ünvana-Heydər Əliyevə tutmuşdu.

Bax onda Zəlimxan Yaqub “Allahım, mənə bir ağsaqqal yetir” şeirini yazdı:

Allahım, mənə bir ağsaqqal yetir,

Ona söylənəsi ağrım-acım var.

Oğul deyə-deyə sızlayan anam,

Qardaş deyə-deyə yanan bacın var.

 

Bəli, cəbhədə özbaşınalıq baş alıb gedir, başsızlıq üzündən oğlanlarımız havayı güllənin qurbanı olurdu. Azərbaycan parça-parça bölünmək təhlükəsi qarşısında idi.

Allahım, mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.

İstər göydən endir, özün bilərsən.

Məsləhət sənindir, özün bilərsən.

Belə bir dövrdə artıq bu millətə, bu xalqa, bu məmləkətə bəndə heç nə edə bilməzdi. İşimiz Allahın

ümidinə qalmışdı və şair:

Üzmüşəm əlimi yerdəkilərdən,

İlahi, göylərdən bir kişi göndər.

-deyərək haray çəkir.

Bax onda Zəlimxan Yaqub “Xalqın ehtiyacı var” poemasını yazdı. Bu poemada da hələ şair xalqın

başbilənini, ağsaqqalını axtarırdı.

Elin dar ayağında, xalqın haqlı günündə, boğanaqlı günündə döyünən ürəklərə, düşüncəli başlara xalqın ehtiyacı var idi. Arxalı köpəklərin dişini qırmaq üçün, yalqızlara, təklərə kömək olmaq üçün ən güclü

şəxsiyyətə, ən böyük sərkərdəyə xalqın ehtiyacı var idi.

O zamanlar ağsaqqalın sözünün oduna, közünə ehtiyac var idi, ağsaqqalın üzünün nuruna ehtiyac var idi və şair “Əgər yoxsa başçımız, əgər yoxsa başımız, onda bədən neyləsin” deyə hayqırırdı.

Bizə ağsaqqal gərək,

Yurdu yada verməsin.

Bizə ağsaqqal gərək,

Xalqı bada verməsin.

Biz döyüşə gedəndə,

O bizə səngər olsun.

Buyruğuna, əmrinə,

Ellər səfərbər olsun.

Güvəndiyi həqiqət,

Dayağı bəşər olsun.

Və nəhayət Böyük Yaradan eşitdi şairlərin səslərini, xalqın dualarını,insanların arzu və istəklərini. O,

zaman Tanrının möcüzəsiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Gəlişiylə bir işıq, nur, ümid, nicat gətirdi.

Bax onda şair Zəlimxan Yaqub bu gəlişə şeir yox, dastan yazdı – “Qurtuluş dastanı”.

Diqqət etsək görərik ki, Zəlimxan Yaqub Heydər Əliyevə həsr etdiyi əsərlərinin əksəriyyətini dastan forma-sında yaradıb və ədəbiyyat adamlarına sirr deyil ki, dastan folklor janrıdır. Bu heç də təsadüfi deyil. Çünki Zəlimxan Yaqubundünyaya göz açdığı məkan – Borçalı mahalı Azərbaycanımızın folkloru ilə çox zəngin bir mahaldır və xalqın yaddaşında yaşayan

folklor nümunələri şairin yaradıcılığına təsir etməyə bilməzdi. Zənnimcə Ulu Öndərimiz Heydər Əliyev haqqında yaratdığı əsərləri dastan formasında yazmaqda məqsəd Heydər Əliyev böyüklüyünü dastanlaş-dırmaq, folklorlaşdırmaq, onu həm də şifahi xalq ədəbiyyatı nümunələri kimi xalqın yaddaşına köçürməkdir.

Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, ictimai və dövlət xadimi Elçinin Zəlimxan Yaqubun dastan yaradıcılığı haqqında fikirlərini oxucuların diqqətinə çatdırmaq istərdim… “Mən sənin dastanını ədəbiyyatımızda ciddi hadisə hesab edirəm və şübhə etmirəm ki, sənin açdığın bu cığır əbiyyatımızın güclü (və məxsusi) qollarından birinə, milli faktoruna çevriləcək”.

“Sənin sənətkar qələmin dilimizin qadirliyini yalnız əyani şəkildə göstərmir, həm də bu qadirliyi sübut edir və içimizdəki həmin ağır “səksəkə” hissini dağıdır”.

Və mən yenidən qayıdıram “Qurtuluş dastanı”na.

Zəlimxan Yaqub bu dastanı yazmadı, bu dastanı yaşadı. Məşhur “91”lər üzünü Naxçıvana – Heydər Əliyevə tutanda Zəlimxan Yaqub, Bakı “qanlar içində qaynaşanda”, “şərləri, naxələfləri, millət tanıya bilməyəndə”, “dizi heydən, əligöydən üzüləndə”, “üzünü tutmağa, sözünü deməyə adam tapa bilməyəndə”, “məmləkət min yerdən dağılanda”, “hərə bir yana – biri Talışa, biri Muğana çəkəndə”, “vəzifə üstündə “stol davası” gedəndə”, Zəlimxan Yaqub “Heydər Əliyev” hayqıraraq üzünü xalqa tutdu:

Qorxur vəzifəbazlar

Bütün vəzifələrdən

yüksəklərdə dayanan,

Bir kişinin adından,

Gəlir o qüdrət, gəlir,

Dözüm, qətiyyət gəlir.

Adını eşidəndə millət qalxır ayağa,

Gözə işıq, cana od,

qəlbə cəsarət gəlir.

Və təsadüfi deyildi ki, dastan dilində yazılan bu əsər tez bir zamanda dillər əzbəri oldu və xalqın yaddaşına köçdü:

Qoy səsi guruldasın bu gün

altı qitədə,

Odur məndən ötəri ATƏT-də,

BMT-də!

Gəlib, o kişi gəlib!

Xalqın xeyrinə sarı,

çarxın gərdişi gəlib!

Millətinə, xalqına birləş deyir,

qalx deyir!

Öz haqqına güvənir,

haqq danışır, haqq deyir.

Əlli milyona çatmış

Azərbaycan Dünyası,

“Qurtuluş nəğməsi”ni

oxuyur bir himn kimi,

Bir səslə, bir avazla

“Heydər” deyir, “xalq” deyir.

Kiçik bir haşiyə: Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda növbəti dövlət tədbirinin bədii hissəsi gedirdi.

Ümummilli liderimiz həmişəki kimi öz yerində – Salonun mərkəzində əyləşərək öz əzəmətli baxışlarını səhnəyə tuşlamışdır.

Səhnədə Azərbaycan Respublikasının xalq artisti, bədii qiraət ustası Laləzar Mustafayeva insanın qəlbinə nüfuz edən səsilə şeir oxuyurdu:

Addımbaşı ölümlə çarpışan

şirim mənim,

Ölümsüzüm, ölməzim,

əbədi dirim mənim.

Gur ocaqlar yandıran ocağım,

pirim mənim.

Allah özü də təkdir, baxma,

meydanda təksən,

Sən qalib gələcəksən!

Sarayda tam sükut hökm sürür.

Saraya bir Laləzar xanımın aramla səslənən sirayətedici səsi,bir də hələlik salondakılara müəllifi bəlli

olmayan şeirin poetikası və fəlsəfi mənası hakim kəsilmişdir.

Haqsızlığın içində boğulan

haqlar da var,

Səddi keçilməz olan ağır

sınaqlar da var.

Kürəyinə sancılan qanlı

bıçaqlar da var.

Əlindən, ayağından çəkən

alçaqlar da var,

Ağrıların, dərdlərin

olsa da dağlarla tən,

Sən qalib gələcəksən!

Cəmi beş bənddən ibarət olan şeirin təqdimatı bir andaca başa çatdı.

Şeirin son bəndi səsləndi:

Bir gecənin içində ağaran

saçın da var,

Suları qan axıdan Qarqar da var,

Xaçın da var,

Sızlayan Qarabağ da, inləyən

Laçın da var,

Min dəfə ağır olan çəkilməz

dərdlər də var,

İçimiz qurd kimi yeyən

namərdlər də var,

İstiqlalın yolunda zülm,

zillət də çəksən,

İstiqlala çatmağa xeyli

həsrət də çəksən,

Sən qalib gələcəksən!

Şairin qüdrəti və ifaçının ustalıqla ifası iclas salonunu ayağa qaldırmışdı.

İndi hamının diqqəti bir nöqtəyə – Heydər Əliyevin üzünə zillənmişdi.Sürəkli alqışlar davam edirdi…

Ulu Öndərimiz sağlığında bir ənənə qoymuşdu. Bir qayda olaraq, o mühüm dövlət tədbirlərinin bədii hissəsi başa çatdıqdan sonra səhnə arxasına keçir və incəsənət xadimləri ilə hal-əhval tutur, onlaratəşəkkür edir, çıxışlarına dəyər verir və sonda şəkil çəkdirirdi.

Bu dəfə də belə oldu. Ulu Öndər Laləzar Mustafayevaya yaxınlaşanda şeirin müəllifini soruşdu. Laləzar xanım cavab verdi ki – Zəlimxan Yaqubun şeiridir.

Onda Ulu Öndər bildirdi ki, bu şeir məndə yoxdur və sual verdi ki, şeir nə vaxt yazılıb, Laləzar xanım cavab verdi ki – bu yaxınlarda yazılıb, yəqin ona görə Sizə çatdırılmayıb.

Sonra Ümummilli Liderimiz bildirdi ki, şeir də yaxşı yazılıb, sən də yaxşı oxudun.

Və bu yazımı Ümummilli Liderimiz Heydər Əliyevin 2000-ci ildə Zəlimxan Yaqub haqqında dediyi sözlərlə davam etdirirəm. “Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız….

Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız…

Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək, təbiətimizin füsunkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyiniz misralar oxucular tərəfindən hüsnü-rəğbətlə qarşılanır…

Əminəm ki, yaradıcılığınızın ən məhsuldar dövrü hələ qabaqdadır”.

Diqqət yetirin, nə qədər dəqiqliklə və uzaqgörənliklə deyilmiş ifadə.

Doğrudan da, Ulu Öndər dediyi kimi, Zəlimxan Yaqub Azərbaycan poeziyasının incilərini, şah əsərlərini “Böyük ömrün dastanı”nı, ” Əbədiyyət dastanı”nı, “Peyğəmbər”i yaratdı. “Poeziyamızın hökmdarı (Xəlil Rza Ulutürk)” ZəlimxanYaqub bu inciləri Heydər Əliyev bu sözləri deyəndən 3 il sonra yaratdı.

Bu əsər təkcə dastan deyil, şairin Ulu Öndər haqqında yaratdığı əbədi abidədir.

“Məndən soruşsalar ki, məhəbbətə, cəsarətə, sədaqətə, sənətə, təfəkkürə, fəlsəfəyə, poeziyaya heykəl qoymaq istəyirik, Kimin heykəlini qoyaq? Deyərəm Heydər Əliyevin”. (Zəlimxan Yaqub)

Zəlimxan Yaqub Heydər Əliyevə həsr etdiyi bu abidəni-“Böyük omrün dastanı”nı 15 günə yaratdı. Onun özü bu dastanın yaranmasını belə xatırlayır:

“Ölümünə heç vaxt inanmadığım, ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı döyən qəfil qara xəbər, hamı kimi məni də dərindən sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələmgötürdüyümdən heç özümün də xəbəri olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam”.

Maraqlı bir məqam:

Z.Yaqubun “Əbədiyyat dastanı”nın məzmunu, mövzusu, onun poetik dili sənətkarın qüdrəti haqqında çox söz deyilib. Bu təbiidir. Daha maraqlısı odur ki, artıq Dastanın özü tədqiqat obyektinə çevrilib və bu Dastana şair, publisist Əlirza Xələfli “Ölməzlik nəğməsi” adı ilə irihəcmli əsər yaradıb. Bu əsərin özü də “Əbədiyyət dastanı” kimi istər ictimai-siyasi, istərsə də ədəbi mühitdə hadisə kimi qəbul olunub.

Ümumiyyətlə, tarixi şəxsiyyətlər haqqında, özü də Heydər Əliyev kimi xalqın qanına, canına hopmuş, ürəklərə köçmüş, dahi bir şəxsiyyət haqqında əsər yazmaq həm çətindir, həm də məsuliyyətli. Burada obraz yaratmaq çoxçətindir. Çünki Heydər Əliyev obrazı xalqın qəlbində artıq obrazlaşmışdır və bundan fərqli bir obraz yaranarsa, əsər qəbul olunmaz. Sadəcə Heydər Əliyev böyüklüyünü qələmə almaq üçün poetik qüdrət, ustalıq tələb olunur ki,Zəlimxan Yaqub da bu vəzifənin öhdəsindən ustalıqla gəlmişdir.

Bu bir də ondan irəli gəlir ki, Zəlimxan Yaqub uzun illər Heydər Əliyevi müşahidə etmişdi, onu zərrə-zərrə öyrənmişdi, onun bir ata kimi, bir rəhbər kimi, bir Prezident kimi qayğısını hiss etmişdi.

Zəlimxan Yaqubun Heydər Əliyev haqqında danışdıqlarından:

“İstər xarici səfərlərdə, istər Azərbaycanda, istər şəxsi görüşlərimizdə ona olan ulu sevgim, güclü rəğbətim, böyük məhəbbətim məni rahat buraxmadı. Xəyalən yenidən Çin səddinə qalxdım, “Manas” dastanının 1000 illiyində türkruhunun qəhrəmanlıq dünyasına baş vurdum, Kəbədə qara daşın yanında onun elədiyi duaları xatırladım. Gördüm ki, bu insan tarixdə tarix yaratmağa qadir olan son min ilin yetirdiyi ən böyük Vətən oğlu, millət qəhrəmanı, xalq fədaisidir”.

Bax belə böyük bir məhəbbətlə, sevgiylə yaradılmış bu dastanların hər bəndində, hər sətrində, hər sözündə bu məhəbbəti hiss edirsən, bu sevgini duyursan:

Eşqə qadağa yox, sevgiyə sərhəd,

Xatirən canlıdır, şöhrətin diri,

Ömrünün mənası millətə xidmət,

Adının mənası Allahın şiri.

– deyən şair “Böyük ömrün dastanı”nın Divanisini – Proloqunu bu bəndlə başlayır.

Dastanın Giriş sözü və Proloqu da daxil olmaqla, 31 boydan ibarətdir. Bunların hər biri Böyük öndərin mənalı və təkrarsız ömrünün səhifələridir. Müəllif dastanın hər bir boyunda Ulu öndərin xarakterini açmağa çalışır və buna məharətlə nail olur.

Dastanın “Qara xəbərin acısı” bölümünə diqqət yetirək:

Yuxudan qaldırdılar,

Məni, dərin yuxudan.

Rəngim ağappaq oldu

Səksəkədən, qorxudan.

Gördüm başımın üstə,

Dayanıb Bəhlul balam…

“Xəbər verdilər, ata,

Köçdü Heydər Əliyev,

Vida dedi həyata”

Bu söz başımın üstə,

Çaxdı ildırım kimi,

Parçaladı sinəmi,

Dağıtdı şırım kimi.

– deyən şair növbəti “Heydər köçdü” deyəndə” bölümündə artıq xalqa üz vermiş bu böyük kədərin miqyasını ürək çırpıntıları ilə ifadə edir. Özü də folklorun bütün formalarında:

Ağı deyir:

Dərk edəndə dərindən,

Bu amansız ölümü,

Bu amansız saatı,

Axdı dodaqlarımdan,

Ürəyimi yandıran,

Layla, ağı, bayatı,

Tutdum,laylaya tutdum,

Səkkiz əsrə sığmayan,

Səksən illik bir ömrü

Səksən illik həyatı.

Bayatı çağırır:

Şam söndü, şöləsi yox,

Gözümün giləsi yox,

O qədər dərd görmüşük,

Dərd olar, beləsi yox.

Qoşma qoşur:

Aşıq ağlat məni, dolum, boşalım,

Əridim, bağrımın yağımı qaldı?

Yaşıl bostanımın, yaşıl bağımın,

Kökdən üzülməmiş tağımı qaldı?

Oxu asta-asta, de sərin-sərin,

Dərdimiz ağırdı, yaramız dərin.

Karvanı köçdüsə Dədə Heydərin,

Daha deyib-gülmək çağımı qaldı?

Dastanın “Görən torpaq bilirmi?” bölümü Böyük öndərin dəfn mərasiminə həsr olunub. Bütün bölümlər kimi bu hissəni də oxuduqca, yenidən o müdhiş günlərə qayıdırsan, o anları yenidən yaşayırsan. Bir sözlə, şeiri həyəcansız oxuya bilmirsən, eyni zamanda oxuduqca şairin istedadına heyran qalırsan.

Dastanın “O, həyatı sevirdi”, “Bir dahi doğulub gəldi dünyaya”, “Gizli təşkilatda”, “Zərifə sevgisi, Heydər sevinci”, “Anamın əmanəti”, “14 iyul bayramı”, “Kremldə keçən ömür”, “Naxçıvanda keçən günlər”, “Onu zaman çağırdı”, “Bakıgörüşü”, “Heydər “Xalq” deyəndə – Xalq “Heydər” dedi”, “Prezident ömrünün son saatları”, “Gedən millətdən gedir”, “Ata Heydər – Atatürk”, ” Ölməzlik”, “Sənin yerin görünəcək”, ” Səni Allah qorudu”, “Ən böyük abidənin ölməz adısevgidi”, “Son görüş, son ayrılıq”, “Başın sağ olsun, Vətən”, “Səndən sonra”, “Bu dərdi mən yazmadım”, “Minnətdarlıq” bölmələri Böyük insanın keşməkeşli, mübarizələrlə dolu həyat yolunun ayrı-ayrı illərinin, günlərinin, anlarının,məqamlarının salnaməsidir və bunların hər biri sözün birbaşa mənasında yüksək sənətkarlıq nümunələridir.

Kiçik bir haşiyə: 2003-cü il dekabr ayının son günləri idi. Xalq şairi Zəlimxan Yaqub, o vaxtlar, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən, hörmətli ziyalımız, şairin qohumu və dostu Məhəbbət Qaradağlının dəvətilə Mingəçevirə qonaq gəlmişdi. Axşam bir neçə ziyalı ilə birlikdə süfrə arxasına yığışdıq. Mən də həmin məclisdə iştirak edirdim. Yüngül şam yeməyindən sonra şair bildirdi ki, Ulu Öndərimizə həsr etdiyi “Böyük ömrün dastanı”nı yenicə tamamlayıb və onu oxumaq istəyir.

Hamının diqqəti ona dikilmişdi. Şair dastanı oxuduqca, haldan-hala düşürdü, sanki əsərin hər bir hissəsini yaşayırdı. Gecədən xeyli keçmişdi. Şair əsəri oxuyub tamamlayandan sonra məclisə müraciət edərək rəy soruşdu. Məclisdəiştirak edənlərin hamısı heyrətdən donub qalmışdı.

Handan-hana müəyyən fikirlər səsləndi. Şair səslənən hər bir fikrə münasibətini bildirir, bununla yanaşı, dastanın hansı hissələrinə yenidən qayıdacağını özünə qeyd edirdi.

Səhər tezdən biz yenidən çay süfrəsinə toplaşdıq. Şair axşamkına nisbətən daha şən, daha gümrah görünürdü. Bir azdan şair dastanı yenidən, artıq təkrar işlənmiş variantda oxudu. Demək olar ki, dastanın son iki bölməsi təzədən işlənmişdi. Sən demə, şair bütün gecəni yatmayıbmış.

Bu dərdi mən yazmadım,

gözümün yaşı yazdı,

Qəlbimin qaynar qanı,

bağrımın başı yazdı.

Tarixin qədim kökü,

elin yaddaşı yazdı.

Onu ağı, bayatı, qoşma

dastan elədi.

– deyən şair əsərin “Minnətdarlıq” hissəsində sanki “Müxəmməs”ə qalxır:

Bu gün sənin dastanını,

Parça-parça yazan mən,

Bu dastanın “Ustadnamə” parçası var,

Bu dastanın

“Vücudnamə” parçası var.

Bu dastanın

“Qıfılbənd”i, “Müəmmas”ı,

Xeyri, şəri, toyu, yası,

Bu dastanın

“Divani”si, “Müxəmməs”i

Və sonda:

Yazacağam nə qədər ki,

Canda ruh var,

ruhda can var,

Bu dastanın hər sözündə,

cümləsində,

Səni sevən, səni duyan,

Zəlimxan var,

Həsrətini çəkəcəyəm

illər boyu,

Kövrək qəlbim oyum-oyum

oyulacaq,

Eşqin ilə yaratdığın

bu dastanın,

Son nöqtəsi mən öləndə

qoyulacaq.

Fikirləşirəm. Görəsən, Böyük öndərə olan böyük sevginin bu dastandan gözəl ifadəsinin oxşarı varmı?

Təbii ki, bu kiçik bir yazıda Ulu Öndərin böyük ömrünə həsr edilmiş bu möhtəşəm əsərlərin məziyyətlərini açmaq mümkün deyildir.Bu əsərlər Xalq şairi Zəlimxan Yaqubun Ulu ondərə həsr etdiyi ,sevə-sevə yaratdığı əbədiyyət dastanlarıdır. Mən çalışdım ki, hər iki dahi şəxsiyyətə olan sevgidən yaranmış bu yazı ilə oxucuya nəyi isə çatdıra bilim. Əgər buna zərrə qədər nail oldumsa, özümü xoşbəxt hiss edərəm.

Ramiz GÖYÜŞOV

 

 

Xəbər 325 dəfə oxunub
All rights reserved.
Error