“31 Mart - tariximizin qanla yazılmış səhifəsi” adlı “online” formatda tədbir keçirildi

Tarix: 30.03.2021


30 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi, Qaradağ,Quba və Şamaxı  rayon təşkilatları və Azərbaycan Dövlət Pedoqoji Universitetin Quba filialının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş “31 Mart - tariximizin qanla yazılmış səhifəsi” adlı “online” formatda tədbir keçirildi. Tədbirdə rayon təşkilatlarının sədrləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı tarixdə misli görülməmiş soyqırımı törədib. Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Tarixən erməni şovinistlərinin xalqımıza qarşı məkrli əməllərindən söz açan Ramiz Göyüşov 31 mart soyqırımı aktının da bu cür faşist xislətindən qaynaqlandığını qeyd etdi. Həmçinin vurğuladı ki, tariximizə qanlı səhifə kimi həkk olunan bu soyqırım unudulmamalı, gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən təxirəsalınmaz addımlar atılır və məhz ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Azərbaycan Dövlət Pedoqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev Quba Soyqırımı Memorial Kompleksindən canlı yayım edərək Quba soyqırımı məzarlığının tapılması, burada aparılan arxeoloji qazıntılar, eləcə də kompleksin yaradılması haqqında geniş məlumat verdi. Onun sözlərinə görə 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verilib. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilərək 2013-cü il sentyabrın 18 də açılıb. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı və etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. O, eyni zamanda çıxışında Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının önəmini vurğulayıb.

YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov çıxışında erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyini bildirib. Qeyd edib ki, 31 mart soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.

YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ramiz Yusubov azərbaycanlıların soyqırım tarixi və onun ən dəhşətli nümunəsi olan 1918-ci il mart soyqırımı barədə danışdı. O bildirdi ki, erməni terrorçularının və onların havadarlarının azərbaycalılara və ümumən türklərə qarşı yürütdüyü soyqırım siyasəti yalnız XX əsrdəki əməlləri ilə məhdudlaşmır. Erməni qəsbkarları hələ XIX əsrdə də, Xanlıqlar dövründə də qətliamlar törətmiş, əliyalın insanların ölümlərinə səbəb olmuşlar. Sonda əlavə etdi ki, soyqırımdan bir əsr keçməsinə baxmayaraq həmin hadisələr hələ də tədqiq edilir, öyrənilir. 1918-ci il mart soyqırımı haqqında yetərincə kitablar çap edilib, tədqiqat işləri aparılıb. Bu vəsaitləri və məlumatları qoruyub gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Tədbirdə çıxış edən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev müəllifi olduğu və bu günədək ölkəmizin müxtəlif rayonlarında və Türkiyədə dəfələrlə nümayiş etdirilən “Soyqırımı tarixinin dastanı” adlı tamaşadan bəhs etdi. Bildirdi ki, tarixi hadisələrimiz, qan yaddaşımızla bağlı bu cür maarifləndirici tamaşaların nümayiş etdirilməsi olduqca əhəmiyyətlidir.

YAP Binəqədi rayon təşkilatının sədr müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında Vətən müharibəsindəki tarixi zəfərimizdən bəhs etdi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılan hərbi əməliyyatlar zamanı düşmən üzərində qazanılan qələbəmizin tariximizə qızıl hərflərlə yazıldığını vurğuladı. Onun sözlərinə görə xalqımız bu tarixi heç bir zaman unutmayacaq və dövlət başçısı, bizlərə bu qüruru və sevinci yaşadan Ali Baş Komandanımız İlham Əliyevin ətrafında daim sıx birləşəcək.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı isə çıxışında bu cür tədbirlərin işğaldan azad edilmiş bütün torpaqlarımızda, eləcə də Xocalıda keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidov yekun nitqində Prezident cənab İlham Əliyevin tarixi “Qarabağ Azərbaycandır” şüarını səsləndirərək, xalqımızın həmrəyliyinin və birliyinin bütün dünyaya əsl nümunə olduğunu diqqətə çatdırdı.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yekun nitq söyləyərək tədbirdə iştirak edən hər kəsə təşkilatçılar adından təşəkkürünü bildirdi. YAP-ın rayon təşkilatlarının bundan sonra əlamətdar və tarixi hadisələrin ildönümləri ilə bağlı maarifləndirici tədbirlər keçirəcəyini diqqətə çatdırdı.