“FIFA-2020” I Liqasının 35-ci turunun oyunları keçirilib

Tarix: 11.09.2020


Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən “FIFA-2020” I Liqasının 35-ci turunun görüşləri oynanılıb.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri Rüfət Niftəliyevin başçılıq etdiyi “Quba” komandası “Mingəçevir” kollektivinə heç bir şans verməyib – 3:0. Cavid Qurbanovun komandası da öz oyununu qələbə ilə başa vurub. “Naxçıvan” bu dəfə Balaxanı təmsilçisini quru hesabla (0:3) məğlubiyyətə uğradıb. Görünür, çempionluq uğrunda mübarizə sonuncu turadək davam edəcək.

Üçüncü yer uğrunda yarışan “Şəki” və “Qarabağ” da təşəbbüsü əldən vermək niyyətində deyil. 35-ci turda Ayxan Əliyevin idarə etdiyi “Şəki” komandası “Bərdə”ni (3:1), Tural Həsənovun “Qarabağ”ı isə autsayder “Zaqatala”nı (4:2) məğlub edib. Üçüncü pillənin sahibi olan “Şəki”ni “Qarabağ”dan iki xal ayırır.

Autsayderlər qrupunda da gərgin mübarizə davam edir. Turnir cədvəlinin sonuncu pilləsində “Şəki”yə uduzan Bərdə qərarlaşıb. “Qarabağ”da matçda məğlub olan “Zaqatala” komandası “Bərdə”dən cəmi 2 xal çox toplayıb. Lənkəran və Beyləqan təmsilçiləri bu turda sülh bağlayıblar - 1:1. "Siyəzəndən olan kollektiv “Qobustan” ilə bacarmayıb (0:2), “Qax” isə Tovuz komandasını böyük hesabla məğlub edib - 4:0.

Bombardirlər yarışında aktivində 92 qol olan Ayxan Əliyev (Şəki) birinci, Cavid Qurbanov (Naxçıvan) 86 qolla ikinci, Tural Həsənov (Qarabağ) isə 83 qolla üçüncü pillədə qərarlaşıblar.

“FIFA-2020” I Liqasının son 3 turunun maraqlı mübarizə şəraitində keçəcəyi şübhə doğurmur.

Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.

Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.

BirBank-ın baş sponsoru olduğu turnirə sentyabrın 11-də yekun vurulacaq.