“Kəpəz”in yeni transferi: “Neftçi”yə vurduğum qol mənə zövq verdi

Tarix: 11.10.2024

"Kəpəz"də oynamaqdan məmnunam".

"Kəpəz"in yeni transferi Mahamadu Ba Gəncə klubuna keçidi və yeni mövsüm barədə təəssüratlarını bölüşərkən deyib.

O, Azərbaycan futbolu barədə əvvəldən məlumata sahib olduğunu bildirib: "Kəpəz"dən təklif gələndə ötən il Türkiyənin "Tuzlaspor" klubunda komanda yoldaşım olmuş Bəxtiyar Həsənalızadədən bu liqa ilə bağlı məlumat aldım. Əlbəttə, onun da tövsiyələri cəlbedici gəldi. Həmçinin Gəncə təmsilçisinin transferimdə israrlı olması məni sevindirdi. “Ərzurumspor” və “Adana Dəmirspor” komandalarında Superliqa təcrübəsi yaşasam da, “Kəpəz”dən gələn təklif mənim üçün yeni çağırış idi. Türkiyə çempionatında çıxış etdiyimə görə çox xoşbəxtəm. Orada italiyalı Mario Balotelli və portuqaliyalı Luiş Nani kimi məşhur futbolçularla eyni komandada forma geyinmək şansı qazandım”.

Misli Premyer Liqasının IX turunda "Neftçi"yə 4:3 hesabı ilə qalib gəldikləri matça da toxunan malili yarımmüdafiəçi bu qələbənin komandaya yüksək motivasiya verdiyini söyləyib: "Debüt oyunumda qol vurduğum üçün çox xoşbəxtəm. Bu, mənə zövq verdi. Çünki baxımlı qola imza atdım. Həmin matçda əldə etdiyimiz üç xal kollektivdə əla ab-hava yaradıb".

25 yaşlı oyunçu “Kəpəz”in turnir cədvəlinin sonuncu pilləsində olmasının ona və komanda yoldaşlarına mənfi təsir etmədiyini deyib: "Çünki liqada qalacağımıza inanıram. Komanda yaxşı potensiala sahibdir. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Afrikalı futbolçu ölkə çempionatının X turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Çətin görüş olacaq. Lakin ciddi hazırlaşırıq. “Qarabağ” kimi, bizə də xal lazımdır”.

Qeyd edək ki, Mahamadu Ba “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.