“Könüllülük – xalqa və dövlətə xidmət örnəyi” adlı tədbir keçirildi

Tarix: 16.03.2021


15 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə “Miqrasiya Könüllüsü” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük – xalqa və dövlətə xidmət örnəyi” adlı tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə  “Könüllülər ili” elan olunub. Respublikamızın inkişaf dinamikasının hazırkı tempi, könüllülük hərəkatının daha da genişləndirilməsi və gənclərimizin hərtərəfli inkişafının təmin edilməsi baxımından bu Sərəncam olduqca əhəmiyyətlidir. Ramiz Göyüşovun sözlərinə görə Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını nəzərə alaraq verilən bu qərar könüllülük fəaliyyətinin daha da geniş təşviqi məqsədini daşıyır. Vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Rayon təşkilatının sədri ölkəmizin ayrı-ayrı qurumlarında olduğu kimi YAP sıralarında, eləcə də partiyanın Binəqədi rayon təşkilatı sıralarında fəaliyyət göstərən könüllülərdən bəhs etdi. Onların cəmiyyətimizdə fəal iştirakçılığının təmin edilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələrdən danışdı.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Anar Əliyev çıxışında rayon təşkilatında fəaliyyət göstərən könüllülər haqqında ətraflı məlumat verdi. Vurğuladı ki, ölkəmiz son illərdə dünyanın könüllülər hərəkatının mərkəzlərindən birinə çevrilib. Könüllülük əslində birbaşa humanizmə xidmət edir. Əsasən gənc nəslin üstünlük verdiyi bu fəaliyyət növü xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün əvəzedilməzdir. İnsanların könüllü olmasının səbəbləri şəxsi inkişafı ilə yanaşı, cəmiyyət üçün faydalı işlər reallaşdırmaq həvəsi, özünü inkişaf etdirmək, lider olmaq,  yeni dostlar qazanmaq, təcrübə toplamaq, vaxtını faydalı keçirmək və s. ola bilər.

“Miqrasiya Könüllüsü” ictimai birliyinin” sədri Aydan Haşımova çıxışında bildirdi ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılaraq normativ hüquqi baza təkmilləşdirilib. 2009-cu ildə Milli Məclis tərəfindən qəbul olunmuş və ölkə Prezidenti tərəfindən imzalanmış “Könüllü fəaliyyət haqqında” Qanun bu fəaliyyətin hüquqi əsaslarını yaradıb. Qanuna əsasən könüllü fəaliyyətin əsas istiqamətlərinə əsasən ehtiyacı olanlara kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği,  hüquqi və mədəni maarifləndirmə və s. daxildir. Bir sözlə, könüllülük eyni zamanda humanizmə əsaslanan, təmannasız fəaliyyəti nəzərdə tutan xeyirxah bir missiyadır. Bu mənada könüllülük cəmiyyətdə  insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin həlli yollarının ortaya çıxmasında çox mühüm rol oynayır.

Tədbirin sonunda yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, ölkəmizin bir çox sferasında özünü doğruldaraq ümummilli hərəkata çevrilməyi bacaran könüllülük cəmiyyətimizin bütün təbəqələrinə nüfuz edərək gənclərin yaşam tərzi kimi diqqəti çəkir. Əminliklə demək olar ki, respublikamızda könüllülük fəaliyyəti daha yüksək müstəviyə qalxıb və ölkəmizdə aktiv gənclərdən ibarət güclü potensiala malik könüllülər ordusu yetişib. Hazırda ölkədə aparılan islahatların mərkəzində də gənclər dayanır. Könüllülük gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin  bərqərar olması üçün yaradılan şansdır, əlverişli fürsətdir. Hər bir vətənpərvər gənc bu əlverişli fürsətdən həm öz gələcək karyerasının, həm də dövlətimizin inkişafı üçün yararlana bilər. Prezident İlham Əliyev çıxışlarında həmişə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir.

Tədbir gənclərin geniş fikir mübadiləsi ilə yekunlaşdı.