“Qarabağ̆ – mədəniyyətimizin beşiyi”: “Başıkəsik günbəz” (sərdabə)

Tarix: 18.11.2020


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material “Başıkəsik günbəz"inə həsr edilib.

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən günbəzin üstü açıq olduğuna görə “Başıkəsik günbəz” adlanırdı. İşğaldan qabaq tarixi abidənin bərpa edilməsinə baxmayaraq 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən günbəzin divarları bir neçə yerdən dağıdılmışdır.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.