“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: Pandemiya dövründə işçi sayını qoruyub saxlamışıq

Tarix: 11.01.2021


Dünya düzəninə təsir edən COVID-19 pandemiyasının ziyan vurduğu əsas sahələrdən biri də nəqliyyatdır. Xüsusilə ictimai nəqliyyat təhsil ocaqlarının, ticarət-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, idman və mədəni tədbirlərin keçirilməsinin qadağan edilməsi ilə demək olar ki, “işsiz” qalıb. Bunu nəzərə alaraq AZƏRTAC nəqliyyat sektorundakı vəziyyəti öyrənmək məqsədilə Bakı şəhərinin ictimai nəqliyyatında özünəməxsus və əhəmiyyətli yer tutan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovla həmsöhbət oldu.

- Faiq müəllim, geridə qalan 2020-ci il pandemiya səbəbindən bütün dünyada olduğu kimi ölkəmizdə də çətin keçdi. İlin yekunları barədə nə deyə bilərsiniz?

- İlk olaraq 2020-ci ilin Azərbaycan xalqı, dövləti və tarixi üçün möhtəşəm bir il olduğunu qeyd etmək istəyirəm. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dərin dünyagörüşü və şücaəti ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımızı azad etdi və hər birimiz hələ də, bu möhtəşəm Zəfərin təsiri altındayıq. Bu qüruru Azərbaycan xalqına yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və Azərbaycan əsgərinə təşəkkür edirəm, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Mövzuya gəlincə qeyd etmək istəyirəm ki, artıq Bakı Nəqliyyat Agentliyinin yaradılmasından 5 il ötür. Dövlətimizin başçısının tapşırıq və göstərişlərini rəhbər tutan Bakı Nəqliyyat Agentliyi ötən müddət ərzində Bakı şəhərində beynəlxalq standartlara uyğun nəqliyyat infrastrukturunun qurulması, müasir çağırışlara cavab verən islahatların aparılması istiqamətində kifayət qədər məhsuldar və effektli işlər görüb. Nəticə olaraq paytaxtımızda ictimai nəqliyyat yeni inkişaf mərhələsinə qədəm qoyub. 2020-ci il iqtisadi təsirləri baxımından isə əslində heç də pis başlamamışdı. Lakin ötən ilin fevralından sonra koronavirusun Azərbaycanda da yayılması ilə vəziyyət tamamilə dəyişdi, bizim sərnişinlərimizin sayı da kəskin azaldı. İl ərzində daşıdığımız sərnişinlərin sayı 2019-cu illə müqayisədə 70 faizədək azalıb. Bu müddət ərzində Prezident İlham Əliyevin Sərəncamı əsasında sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyi iş yerlərinin qorunub saxlanması baxımından çox faydalı oldu. Belə ki, 2020-ci ilə 800 nəfərə yaxın işçi heyəti ilə daxil olan “Xaliq Faiqoğlu” şirkəti 2021-ci ilə də bu sayla qədəm qoydu. Düşünürəm işçi sayında ixtisara getməməyimiz şirkət olaraq 2020-ci ildəki ən böyük uğurumuzdur. Bundan başqa 2020-ci il ərzində müxtəlif dövlət qurumlarına 2 milyon manata yaxın haqqı ödənilməyən nəqliyyat xidməti göstərmişik. Hazırda da bu xidmətlər davam edir.

- Müxtəlif dövlət qurumlarına dəstək olduğunuzu, şirkətin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini bildirdiniz. Görülən işlərdən daha geniş bəhs edə bilərsinizmi?

- 2020-ci ilin martında TƏBİB-in nəzarətində olan tibb müəssisələrinin rəhbər şəxsləri müraciət edərək bir neçə gün ərzində tibb işçilərinin xəstəxana və klinikalardan evlərinə, karantin ərazilərinə və geriyə daşınmasını xahiş etdilər. Biz öz tərəfimizdən buna razılıq verdik və daşımaları həyata keçirməyə başladıq. Sonradan virusun daha da genişlənməsi, tədbirlərin ümumrespublika xarakteri alması və bütün qüvvələrin səfərbər edilməsi ilə biz də öz tərəfimizdən bu daşımaları davam etdirməyə, dövlətimizin pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak etməyə qərar verdik. Martın əvvəlindən dekabrın 31-dək şirkətimiz tərəfindən TƏBİB-ə 1025 müasir nəqliyyat vasitəsilə haqqı ödənilməyən xidmət göstərilib, xidmətin dəyəri 415 min manat təşkil edib.

- TƏBİB-dən başqa hansı qurumlara nəqliyyat xidməti göstərmisiniz?

- Ölkəmizin apardığı müharibə ilə əlaqədar elan edilən səfərbərlik tədbirləri ilə bağlı 55 avtobusumuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sərəncamına verilib. Hazırda 10 ədəd avtobusumuz hələ də, işğaldan azad edilmiş ərazilərdədir. Onu da qeyd edim ki, səfərbərliyə cəlb edilən avtobuslarla yanaşı 66 sürücümüz və 3 nəfərlik texniki heyətimiz də SHXÇDX-ın xətti ilə cəbhəyə yollanıb. Bu müddət ərzində həmin avtobusların bütün ehtiyat hissələrinin təminatı, sürücü və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanması şirkətimiz tərəfindən tam təmin edilib. Göstərilən xidmətləri və çəkilən xərcləri vətən qarşısında borcumuz hesab edirik və məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Vətən müharibəsi dövründə “Xaliq Faiqoğlu” şirkəti üzərinə düşən hərbi-nəqliyyat vəzifələrini tam və qüsursuz icra edib.

- Bütün bunların müqabilində sizə hər hansı ödəniş edilibmi?

- Xeyr, yuxarıda da qeyd etdiyim kimi, biz bunları haqqı ödənilməyən xidmət kimi dövlət qurumlarına təqdim etmişik və hər hansı maddi gözləntimiz də yoxdur. Biz hər zaman böyük dövlət tədbirlərində yaxından iştirak etmişik. İstər ilk Avropa Oyunları, istər İslam Oyunları və digər beynəlxalq səviyyəli tədbirlərdə şirkətimiz nümunəvi xidməti ilə seçilib. Bundan sonra da əlimizdən gəldiyi qədər dəstəyimizi davam etdirəcəyik.

- Bildiyimizə görə sizin rəhbəri olduğunuz şirkətin bir sıra banklar qarşısında da öhdəlikləri var. Öhdəliklərinizi yerinə yetirməkdə çətinlik çəkmirsiniz ki?

- “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması, yeni istehsalat bazalarının qurulması, müasir tələblərə cavab verən avtobusların alınmasına xüsusi diqqət göstərib və bu işləri həyata keçirərkən banklarla sıx əməkdaşlıq etmişik. Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından yeganə özəl sərnişindaşıma şirkətiyik. Belə ki, hazırda yerli bank olan və biznesə dəstəyi ilə hər zaman seçilən “PaşaBank”la yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Türkiyənin “Eximbank”ı ilə sıx əməkdaşlıq edirik. Bu yerdə qeyd edim ki, bu kimi banklarla əməkdaşlıq edərkən beynəlxalq səviyyəli audit şirkətlərinin rəyi tələb olunur ki, biz də beynəlxalq audit şirkəti tərəfindən audit edilirik.

Mövcud pandemiya səbəbindən hər kəsə də bəlli olan iqtisadi durum banklar qarşısında olan öhdəliklərimizin yerinə yetirilməsinə də təsirsiz ötüşməyib. Lakin bankların real vəziyyəti yaxından izləməsi, vəziyyətə uyğun addımların atılması bizə dəstək oldu. Xüsusilə verdiyi dəstəyə və güzəştlərə görə “PaşaBank” rəhbərliyinə təşəkkür edirəm. Bir daha böyük qürur və fəxrlə vurğulamaq istəyirəm ki, şirkətimizdə pandemiya dövrü ərzində işçi sayında azalma olmayıb. Həmçinin işçi heyətinin əməkhaqları tam şəkildə ödənilib.

- Bir neçə gün əvvəl dizel yanacağının qiymətinin bahalaşması fəaliyyətinizə necə təsir göstərir?

- Bildiyiniz kimi, dizel yanacağının 33 faiz bahalaşmasının ictimai nəqliyyata və sahibkarlıq subyektlərinə təsirini neytrallaşdırmaq məqsədilə tədbirlərin həyata keçiriləcəyi və bununla bağlı yanvarın sonunadək kompensasiya ödənilməsi mexanizminin açıqlanacağı barədə Tarif Şurası məlumat yayıb. Düşünürəm ki, qiymət artımının ictimai nəqliyyata təsirini minimallaşdırmaq baxımından həyata keçiriləcək dövlət tədbirləri sərnişindaşımadakı mümkün qiymət artımının qarşısını alacaq. Hazırda Bakı Nəqliyyat Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə müvafiq təhlillər aparır. Bu, dövlətin sahibkarlıq subyektlərinə verdiyi önəmi, həm də ictimai nəqliyyatdan istifadə edən geniş sərnişin kütləsinin sosial-iqtisadi vəziyyətinin diqqətdə saxlanıldığını göstərir.

 

- “Xaliq Faiqoğlu” şirkəti ictimai nəqliyyatda ilkləri reallaşdıran şirkət kimi tanınır. 2021-ci ildə hansı yeniliklər gözlənilir?

- Bu suala cavab vermək xeyli çətindir. Çünki pandemiya davam edir və qarşıdakı aylarda bizləri nələr gözlədiyini dəqiq proqnozlaşdırmaq və buna uyğun planlamalar tərtib etmək demək olar ki, mümkünsüzdür. Şirkətimiz ümumilikdə avtobus parkının yenilənməsinə böyük diqqət göstərir və 2015-ci ildən etibarən avtobus parkımızın böyük hissəsini “Avro-5” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yeniləmişik. Yaxın gələcəkdəki əsas hədəfimiz də parkımızın tam yeniləmək istiqamətindədir. Belə ki, şirkətin “Avro-6” standartlarına cavab verən və CNG yanacağı ilə işləyən avtobusların alınması layihəsi mövcuddur. Yaxın vaxtlarda layihənin icrası ilə bağlı konkret addımlar atılacağını deyə bilərəm. Artıq bir sıra istehsalçı şirkətlərlə danışıqlara başlamışıq və onlara tələblər paketi təqdim edilib. Hazırda istehsalçılardan aldığımız təkliflər təhlil olunur.

Deyə bilərəm ki, pandemiya bizi təxminən 1 il geri salıb və bu prosesin nə qədər davam edəcəyini hələ də dəqiq bilmirik. Ümid edirəm ki, yaxın aylarda pandemiya böyük ölçüdə aradan qalxacaq və virusa qarşı ictimai immunitetin yaranması ilə vəziyyətdən tədricən çıxa biləcəyik.