"Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyuruq"

Tarix: 23.11.2020


“Noyabrın 21-i xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. 1992-ci il noyabr ayının 21-də xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. O zaman Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan və taleyüklü məsələləri özünün əsas missiyası hesab edən partiyamız 28 il ərzində daim doğma Azərbaycanımızın tərəqqisi və rifahı naminə mühüm işlərə imza atmışdır: “Bu gün də dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq və vətənçiliyi özünün başlıca prinsipləri kimi müəyyən edərək tarixi qələbələrimizə öz imzasını atır. YAP dövlətimizin daha da çiçəklənməsi, xalqımızın milli maraqlarının qorunmasını əsas amalı hesab edərək dövlətimizə daim dəstəkdir və özünün siyasi-ictimai fəaliyyəti ilə öz töhfəsini verməyə çalışır. Dünyanın bir sıra ölkələrinin iqtidar partiyaları ilə olan sıx əməkdaşlıq münasibətləri çərçivəsində daim xalqımızın haqlı mövqeyinin dünyaya tanıdılmasında yaxından iştirak edir, davamlı təbliğat işlərinə qoşulur. Bu gün YAP-da cəmiyyətimizin aparıcı qüvvəsi kimi bütün təbəqələrin nümayəndələri təmsil olunur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi, Gənclər Birliyinin Şura üzvü Kubra Əliyarlı söylədi.

Gənclər Birliyinin Şura üzvü qeyd etdi ki,  Yeni Azərbaycan Partiyası ötən 28 il ərzində böyük inkişaf yolu keçib: “Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Partiyamızın Gənclər Birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranmış, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırmışdır.  Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına  geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunmasına xüsusi diqqət yetirir. YAP Gənclər Birliyi gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması,  onlara sağlam həyat tərzinin təbliği məqsədi ilə mütəmadi olaraq layihələr, sosial aksiyalar həyata keçirir. Sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən YAP Gənclər Birliyi ölkə həqiqətlərinin tanıdılması istiqamətində bir sıra işlər görmüş, Azərbaycan həqiqətlərini elektron medianın yaratmış olduğu imkanlardan istifadə edərək, dünya ictimaiyyətinə çatdırmışdır.”

K.Əliyarlı vurğuladı ki, bütün dünyanı cənginə alan, milyonlarla insanın həyatını ciddi risk altına alan yeni növ koronavirus təhlükəsi ilə mübarizədə də partiya öz səylərini birləşdirərək dövlətimizlə birgə istər maarifləndirmə, istərsə də sosial aksiyalarda yaxından iştirak edir: “Yeni Azərbaycan Partiyası da  pandemiya dövründə sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna  ianə edib. Eləcə də YAP-ın könüllüləri tərəfindən  ehtiyacı olan ailələrə qoruyucu tibbi vasitələr çatdırılıb, maddi dəstəyi ilə ərzaq yardımı edilib. YAP üzvləri sosial məsuliyyətə əməl etməklə yanaşı, digər insanlara da bunu təşviq edir, insanları sosial məsuliyyətli olmağa çağırır. Qeyd etməliyəm ki, virusun son günlər daha da tüğyan etdiyini nəzərə alaraq dövlətimizlə yanaşı vətəndaşlarımız da məsuliyyətli olmalı və birgə çalışmaqla bu təhlükədən yaxa qurtarmalıyıq. Xalq olaraq birliyimiz və həmrəyliyimiz ən böyük silahımız olmalı, bir an belə ayıq-sayıqlığımızı əldən verməməliyik.”

Həmsöhbətimiz bildirdi ki, Yeni Azərbaycan Partiyasının 28-ci ildönümü tarixi Qələbənin yaşandığı bir dövrə təsadüf edir: “Bu günlərdə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın hərbi və siyasi Qələbə qazanması və əzəli torpağımız olan Qarabağın işğaldan azad edilməsi xalq-ordu birliyinin, qətiyyətinin və siyasi iradəsinin  nəticəsidir. Bu gün xalqımız tarixinə qızıl hərflərlə yazılacaq şərəfli günlərə şahidlik edir. Bu tarixi Qələbəmizin əldə olunmasında qanından, canından keçmiş şəhidlərimizin əziz ruhları qarşısında baş əyir və onlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, uğuruna canlarını fəda etdikləri Vətən torpaqlarının azadlığı ilə onların da ruhları şaddır. Yeni Azərbaycan Partiyası üzvləri də müharibə dönəmində və sonrakı müddətdə  ümumi qələbəmizə aparan bütün təşəbbüslərə dəstək verirdi. Hər birimiz şəhid ailələrinə diqqət ayırırıq, müharibədə yaralananların həm özlərinə, həm ailələrinə diqqət göstərməyə çalışırıq. Eyni zamanda, bu və ya digər formada cəbhə ilə bağlı olan insanların sosial problemlərinin həllində və yaxud da hansısa bir çətinliyində ona dəstək olmağa, hakimiyyət orqanları ilə bunun üçün əlaqə saxlamağa və ya öz imkanımız daxilində problemi həll etməyə çalışırıq. Bu istiqamətdə həm partiya işçilərimiz, həm partiya fəalları aktivlik göstərirlər. Yeni Azərbaycan Partiyasının  gəncləri dünyanın aparıcı ölkələrinin parlament üzvlərinə, siyasi partiyalarına, ictimai fəallarına, ayrı-ayrı QHT rəhbərlərinə, insan hüquqları ilə məşğul olan təşkilatlarına, beynəlxalq təşkilatların elektron poçtuna Dağlıq Qarabağ probleminin mahiyyəti barəsində yığcam, informativ məlumatlar göndərirlər.”

Sonda Kubra Əliyarlı bu əlamətdar günlər və şanlı Qələbə ilə bağlı öz təbriklərini çatdırdı: “Dövlət başçısı,  Ali Baş Komandanımız, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dünya tarixində əvəzsiz qələbəyə nail olaraq tarixi torpaqlarını düşməndən azad etdiyi bir vaxtda bütün xalqımıza möhkəm cansağlığı, xoş, firavan günlər, dövlət başçımıza isə dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzu edirəm. Biz, YAP-ın üzvləri ulu öndər Heydər Əliyevin “Bu günün, sabahın və gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyuruq.  Çünki bu partiyada olmaqla ölkəmizin daha firavan, dövlətimizin daha qüdrətli, gəncliyimizin isə daha xoşbəxt gələcəyinə xidmət edirik. Həmçinin qələbə münasibətilə hər bir partiya üzvümüzü təbrik edirəm və gələcək siyasi fəaliyyətində uğurlar arzu edirəm. Növbəti ildönümlərimizi işğaldan azad edilmiş torpaqlarımızda keçirmək diləyi ilə Qələbəmiz və bayramımız mübarək”!