2021-ci il Prezident İlham Əliyevin hücum siyasəti doktrinasının reallaşdığı il kimi tarixə düşdü

Tarix: 12.01.2022


Ötən 2021-ci il Azərbaycan üçün kifayət qədər uğurlu il oldu. Xarici siyasətimizlə bağlı ümumiləşdirmə aparsaq, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də ifadə etdiyi kimi, ölkəmiz 2021-ci ildə beynəlxalq arenada öz mövqelərini möhkəmləndirdi.

Hər şeydən əvvəl, 2021-ci il Azərbaycan üçün xarici siyasətimizdə Prezident İlham Əliyevin hücum siyasəti doktrinasının reallaşdığı il kimi tarixə düşdü. Dövlətimizin başçısı həm regional, həm də qlobal səviyyələrdə şaxələndirilmiş və çevik siyasi kursa sadiq qalaraq Azərbaycanın özünün siyasi mövqeyinin güclənməsi, eyni zamanda, rəsmi Bakının qlobal aktor kimi qəbul edilməsinə nail oldu. Bu mənada ilin əvvəlindən etibarən fəal təmaslar, Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qarabağ və Zəngəzurda təşkil edilən beynəlxalq mədəni-siyasi tədbirlər, Füzuli Beynəlxalq Hava Limanının açılışı və reallaşdırılan digər layihələr Azərbaycanın Cənubi Qafqazda müsbət mənada hegemon rolunu möhkəmlədirdi. Əvvəllər reallığı qəbul etmək istəməyən güc və qütblər artıq ilin ikinci yarısından etibarən Azərbaycana tamamilə fərqli prizmadan baxmağa başladılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ifadə edib.

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycan bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurlu fəaliyyət aparıb. Görülən işlərin əhatəsi və həcmi 2021-ci ildə Azərbaycanın qlobal lokomotiv kimi rolunu əhəmiyyətli dərəcədə gücləndirib. 2020-ci ildən başlanan və bir çox istiqamətlərdə, xüsusilə pandemiya ilə mübarizədə bəşəri səylərin birləşdirilməsi kimi mühüm proses məhz Azərbaycan rəhbərinin təşəbbüsü və liderliyi altında həyata keçirilib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələr yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq ölkəmizə böyük etimad göstəriblər. Həqiqətən də 120 üzv dövləti birləşdirməklə BMT-dən sonra ikinci ən böyük təsisatda Azərbaycana yekdil dəstəyin verilməsi, ümumiyyətlə, 2021-ci ilin qlobal hadisələrindən biri kimi qiymətləndirilməlidir. Etiraf etməliyik ki, bu prosesin kökündə Prezident İlham Əliyevin şəxsiyyəti və beynəlxalq aləmdə nüfuzu dayanır. Bir tərəfdən, 44 günlük müharibədə çox çətin geosiyasi vəziyyətə və bəzi güclərin Ermənistana açıq dəstəyinə baxmayaraq, Azərbaycan Liderinin regionda reallığı dəyişməyə, digər tərəfdən isə pandemiya ilə mübarizədə vaksin milliyyətçiliyinə qarşı cəsarətlə mübarizə aparıb beynəlxalq hüquqi aktların qəbuluna nail olması təbii ki, proseslərin gedişatında həlledici amillər oldu.

Deputat vurğulayıb ki, 2021-ci ildə Azərbaycanın Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu fəaliyyəti bütövlükdə türk-İslam dünyasında böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyev hər iki təşkilatın Azərbaycana münasibətdə qlobal müstəvidə dəstəyinin daha da güclənməsinə nail oldu.

“Ötən ilin beynəlxalq cizgisini çəkərkən NATO və Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xarakterindəki radikal müsbət nüansları xüsusi qeyd etmək lazımdır. Xüsusilə ilin ikinci yarısında qarşılıqlı səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələ oldu və nəticə etibarilə bütövlükdə Avropa İttifaqının, Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkəmizin işinə açıq dəstəyini müşahidə etdik. Dövlətimizin başçısının vurğuladığı kimi, faktiki olaraq bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra proseslərin bu cür cərəyan etməsi Azərbaycanın 30 ilə qədər uzanmış və hərbi-siyasi Qələbəmizlə başa çatan münaqişədə haqlı olduğumuzu bütün dünyaya sübut etdi”, - deyə deputat vurğulayıb.

O diqqətə çatdırıb ki, əlbəttə, ilin digər mühüm uğuru ayrı-ayrı dövlətlərlə, xüsusən də qonşularla ikitərəfli münasibətlərdə yeni səhifənin açılması ilə bağlı oldu. Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyi, rəsmi Moskvanın zəmanəti ilə Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində ciddi addımların atılması, 11 yanvar və Soçi üçtərəfli bəyanatları Rusiya-Azərbaycan münasibətlərinin inkişafında fərqli bir mərhələ oldu. Habelə il ərzində İranla münasibətlərdə müşahidə olunan bəzi xoşagəlməz nüansların məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi nəticəsində hər iki ölkənin maraq və mənafeləri çərçivəsində yoluna qoyulması bu iki ölkənin münasibətlərində yeni başlanğıc oldu. Heç şübhəsiz, 2021-ci il Azərbaycan-Türkiyə münasibətlərinin ali mərhələyə qədəm qoyması ili kimi tarixdə qaldı.