2022-ci ilin “Şuşa İli” elan edilməsi bir neçə hədəfə hesablanmış müdrik qərardır

Tarix: 07.01.2022


Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi hər bir azərbaycanlının ürəyincə və ona böyük sevinc yaşadan tarixi xəbər oldu. Mədəniyyət paytaxtımız olan, böyük strateji əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu cür qərarın qəbul edilməsi bir sıra hədəflər baxımından müstəsna əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Şuşa Qarabağın açarıdır, həmin şəhər kimdədirsə, Qarabağa da o nəzarət edir. Bu mənada 2022-ci ilin “Şuşa İli” elan edilməsi Qarabağda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda, bu qərar 28 illik işğal müddətində Şuşa şəhərində törədilən erməni vandalizminin dünyaya çatdırılmasında böyük rol oynayacaq. 2022-ci ilin “Şuşa İli” elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi növbəti dəyərin bariz nümunəsidir. 2022-ci ildə Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Eləcə də bu tədbirlər zamanı Şuşanın qədim tarixi, adət-ənənələri ilə bağlı bir sıra filmlər, videoçarxlar nümayiş olunacaq, sərgilər təşkil ediləcək. Bununla da dünya ictimaiyyəti bir daha Qarabağın əsl sahibinin Azərbaycan olduğuna və erməni yalanlarının dünyada ifşasına şahidlik edəcək. Prezident İlham Əliyev bu qərarı ilə erməni saxtakarlığını dünyaya bir daha nümayiş etdirmiş olacaq.

2022-ci ilin “Şuşa İli” elan edilməsi iqtisadi, sosial inkişaf baxımından da xüsusi əhəmiyyət daşıyır” deyən Milli Məclisin deputatı əlavə edib ki, hazırda bütün diqqət və resurslar Şuşanın bərpasına və yenidən qurulmasına yönəlib. “Əlbəttə ki, böyük iqtisadi, turizm potensialına malik olan Şuşa şəhərinin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. 2022-ci ili “Şuşa İli” elan olunması Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, mədəni, sosial inkişafa hesablanmış müdrik qərardır. Əlbəttə, bir neçə hədəfə hesablanmış belə uzaqgörən qərarın müəllifi dünya səviyyəli Lider, müdrik siyasi xadim İlham Əliyev ola bilərdi”, - deyə deputat fikirlərini yekunlaşdırıb.