ADMİU nəzdində Humanitar Kollecdə ilin yekun konserti keçirilib

Tarix: 30.12.2021


28 dekabr, 2021-ci il tarixində ADMİU nəzdində Humanitar Kollecdə ilin yekun konserti keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “İncəsənət” şöbəsinin tar müəllimi, beynəlxalq müsabiqə laureatı, 44 günlük Vətən müharibəsi iştirakçısı Fərid Atazadənin “Sussun silahlar, oxusun tar” adlı solo konserti keçirilib. Konserti açıq elan edən Azərbaycan Televiziyasının aparıcısı Ruslan Həsənov gənc müəllimin həyat yolundan, vətən müharibəsinin igid əsgəri olmaqla bərabər, həm də gözəl tar ifaçısı olmağından eləcə də müharibə zamanı göstərdiyi xüsusi qəhrəmanlıqdan bəhs etmişdir. Konsertdə Vasif Adıgözəlovun “Bakı”, “Qərənfil”, Səid Rüstəmovun “Hardasan” mahnıları, Vittorio Montinin “Çardaş” əsəri, Bakı-Tiflisi rəqsi səsləndirilib. Daha sonra gənc müəllim, İ.Bramsın “Macar rəqsi”ni tələbəsi Əbülfət Pənahovla duet şəklində təqdim edib. Bir zamanlar tətik tutan barmaqları, tara toxunmaqla ecazkar ifalar yaradan və tamaçılarını heyran qoyan Fərid Atazadə II Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub və Murovdağ, Talışkənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşərək, torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərib. O, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Konsert pianoda Rızvan Tarverdiyev, zərb alətlərində Vəfadar Ramizzadənin müşayiəti ilə böyük alqışlarla qarşılanıb. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, ADMİU-nun professoru, xalq artisti Vamiq Məmmədəliyev, tar müəllimi Bəhruz Zeynal, Media nümayəndələri, televiziya əməkdaşları və başqaları iştirak ediblər. Sonda Xalq artisti, tarzən Vamiq Məmmədəliyev ifaçıya gələcək yaradıcılıq yolunda böyük səhnələrdə çoxsaylı konsertlərin keçirilməsini arzulamışdır. O, Fərid Atazadənin konsertindən zövq aldığını dilə gətirmiş və gözəl ifaya görə bütün kollektivə təşəkkürünü bildirmişdir.