Ana dilimizin inkişafı və təbliği ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

Tarix: 23.04.2022

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev istər SSRİ-nin tərkibində, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövründə milli maraqlarımızın və milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin, tarixi və dini abidələrimizin, adət-ənənələrimizin qorunub-saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə, eləcə də dünyaya çatdırılması istiqamətində yorulmadan və səylə çalışmışdır. Bu amal ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi olmaqla yanaşı, doğma Azərbaycanımızın və xalqımızın tarixi keçmişinin tərənnümünə ən böyük və əvəzsiz töhfə olmuşdur. Hər bir millət özünəməxsus soykökünə, tarixi keçmişə malik olduğu kimi, bu dəyərlərin qorunub-saxlanılması, yad təsirlərdən müdafiə edilməsi də bir o qədər dəyərli və vacibdir. Heydər Əliyevin sonsuz Azərbaycan məhəbbəti, yüksək vətənpərvərliyi, Vətənçilik məfkurəsi onun bütün fəaliyyəti boyu özünü aşkar sübut etmişdir.

Dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətləri dahi şəxsiyyəti xalqımızın gözündə müqayisəolunmaz zirvəyə yüksəltmiş, millətimizin qəlbində əbədi və sarsılmaz abidə ucaltmışdır. Məhz ulu öndərin xidmətləri və səyləri nəticəsində Azərbaycanın tarixi dəyərləri, dili, mədəniyyəti, ədəbiyyatına qarşı müqavimət göstərmək istəyənlər və məkrli niyyətləri olanların bütün planları puç olmuş, arzularına nail ola bilməmişlər. Çünki Heydər Əliyev milli-mənəvi dəyərlərin məhv edilməsinin və ya xalqların tarixi irsinin silinməsinin həmin xalqın məhvinə gətirib çıxaracağının, həmin xalq üçün əsl fəlakət olacağının fərqində idi. Bu səbəbdən də ümummilli liderimiz öz canı-qanı bahasına, özünün və ailəsinin həyatına təhlükələr yaradaraq Azərbaycana məxsus olan, tarixin sınaqlarından bu günümüzədək gəlib-çıxmış dəyərlərimizin qorunmasına müvəffəq olmuşdur.

Sokrat deyirdi ki, bir millətin yalnız ana dilini əlindən alsan, o məhv olar. Çünki ana dili hər bir millətin milli kimliyi, özünütəsdiqidir. Üzləşdiyi bütün təzyiqlərə və təhlükələrə rəğmən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması olduqca əhəmiyyətli tarixi və siyasi hadisə idi. SSR-nin ali qanunlar toplusunda Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması ulu öndərimizin xalqımız qarşısındakı müstəsna xidmətlərindən biridir. 70-ci illərin ictimai-siyasi həyatında bir çox xalqların ana dilinin inkişafına və yayılmasına təhdidlərin olduğu bir vaxtda Azərbaycan dilinin yenidən gündəmə gətirilməsi yüksək cəsarət, peşəkarlıq və vətənpərvərlik tələb edirdi. Ulu öndərimiz öz qətiyyəti və uzaqgörənliyi sayəsində bu qərarın qəbul edilməsinə nail olmuşdu. Vətənə sadiqliyi ilə ana dilimizlə yanaşı, bir çox dəyərlərimizi yadelli təsirlərdən və təzyiqlərdən müdafiə edən ulu öndər Heydər Əliyev, həmçinin bu dəyərlərin əsas qoruyucusu, təbliğatçısı kimi üzərində çox böyük tarixi, siyasi bir missiya götürmüşdür. Tarixi təşəbbüsün məntiqi nəticəsi olaraq Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əhəmiyyəti tariximizdə ana dilimizin inkişafına və yayılmasına gətirib çıxarmış, sonrakı tarixi mərhələlərdə öz məntiqi nəticəsini vermişdir. Belə ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.

Ulu öndərimiz Heydər Əliyev hər zaman dilimizə yüksək qiymət verirdi. Ana dilimizlə fəxr etdiyini, bu dildə danışamaqdan böyük qürur duyduğunu bildirərək, ana dilimizin zənglinliyini bütün çıxışlarında ehtiva edirdi. Ümummilli lider çıxışlarının birində bildirmişdir ki, “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”. Bu ifadələr və bu yanaşma dilimizə göstərilən ən yüksək qiymətin və dəyərin bariz nümunəsidir. Bu gün Ana dilimizin inkişafı, zənginləşməsi və təbliğ edilməsi istiqamətində dövlət başçısı İlham  Əliyev yorulmadan çalışır və bir sıra islahatlar həyata keçirilir.

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri