Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib.

AZƏRTAC xəbər verir ki, bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. Üç yaş qrupu üzrə təşkil olunan turnirə 50-ə yaxın iştirakçı qatılıb. Yarışın yekun nəticələrinə görə, 6-9 yaş qrupunda Məhəmməd Əsgərov, 9-13 yaş qrupunda Polad Məmmədli, 13 yaşdan yuxarı idmançılar arasında isə Rza Bayramov qalib adına layiq görülüblər.

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis yarışlarında mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol turnirləri keçiriləcək.

Nəhayət, aprelin 28-də Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilən tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.