Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandakı yerini tutacaq

Tarix: 25.01.2021


Əvvəllər Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandakı yerini tutacaq.

AZƏRTAC xəbər verir ki, adıgedən əsərlər 1935-ci ildə Ayasofyanın muzey kimi fəaliyyətə başlamasının ardından anbarlarda mühafizə altına alınıb. Hazırda bu tarixi əsərlərin restovrasiya işlərinə başlanılıb. Bu məqsədlə tarixi abidənin muzey olaraq fəaliyyəti dövründə satış ofisi olaraq fəaliyyət göstərən bölməsi restovrasiya mərkəzinə çevrilib. Onlarla əsərin yenidənqurma işlərinin yeddi aya tamamlanması planlaşdırılır.

Türkiyənin Prezident Aparatının nəzarəti altında həyata keçirilən yenidənqurma işləri İstanbulun Restovrasiya və Qoruma Mərkəzinin regional laboratoriyasının mütəxəssisləri tərəfindən aparılır. Mütəxəssis heyətinin rəhbəri, Türkiyənin Prezident Aparatının Mədəniyyət və İncəsənət Siyasətləri bölməsinin üzvü xəttat Mehmet Özçay vaxtilə Ayasofyada olan əsərlərin bir hissəsinin Sultanahmet məscidi, Türk İslam Əsərləri Muzeyi kimi fərqli yerlərə köçürüldüyünü və mümkün olduğu qədərinin yenidən Ayasofyaya qaytarılacağını bildirib.

Qeyd edək ki, mühafizə altına alınan əsərlərin böyük əksəriyyəti Bizans və Osmanlı dövrünə aiddir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul