Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Strasburqda görüşüblər

Tarix: 27.11.2019

Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub.

Səfərin məqsədi Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində quruma yeni seçilmiş deputatlarla görüşmək, onları Azərbaycan reallıqları ilə bağlı məlumatlandırmaq olub. Səfər zamanı bir sıra Avropa deputatları ilə görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Avropa Parlamentində Azərbaycan üzrə dostluq qrupunun təsis iclası da keçirilib. Dostluq qrupunun yaradılması təşəbbüsü Avropa Parlamentinin latviyalı üzvü Andris Ameriks tərəfindən irəli sürülüb. Bu təşəbbüsü dəstəkləyən Avropa deputatları təsis iclasında iştirak ediblər. İclasda dostluq qrupunun fəaliyyətinin genişləndirilməsi, eləcə də internet səhifəsinin yaradılması, baş katibinin seçilməsi istiqamətində müzakirələr aparılıb. Dostluq qrupunun yeni üzvlərinin Azərbaycan reallıqlarını daha yaxından tanımaları məqsədilə ölkəmizə səfərlərinin təşkili məsələsindən söz açılıb. Yaxın gələcəkdə dostluq qrupunun növbəti iclasının keçirilməsi barədə qərar qəbul edilib.

İclasda ölkəmizin Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycan-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri və Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin əməkdaşı Babək Ağayev iştirak ediblər.

Nümayəndə heyətinin görüşləri noyabrın 28-dək davam etdiriləcək.


 AZƏRTAC