Azərbaycan Prezidenti: TANAP Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan layihədir

Tarix: 15.10.2020


TANAP Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın TANAP, ya da Türkiyəyə gedən boru xətlərini hədəfə alan hücumlarının enerji təhlükəsizliyinə və avropalı həmkarların buna münasibətinə dair sualı cavablandırarkən deyib.

“Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə alırıq. Çünki Ermənistandan hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istismara veriləndən bu günə qədər boru xətlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində bir dənə də problem olmamışdır, bir dənə də, nə texniki problem, nə də ki, hansısa bir təxribat. Çünki Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin planları, yəni, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”, - deyə dövlətimizin başçısı qeyd edib.