Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində

Tarix: 01.03.2021


Washington Post qəzeti ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən “Şərbət” şirniyyat evindən reportaj hazırlayıb.

Yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya da vurulduğu bildirilir. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən xeyli fərqləndirdiyi qeyd olunur.

Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla, regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə, Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir, onların nəfis şəkilləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu, özünü nüfuzlu mətbu orqanlarda ölkəmizin mətbəxinə həsr olunan guşələrdən də özünü göstərməkdədir. “Şərbət” şirniyyat evi qısa müddətdə açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb. Məqalənin tam mətni ilə

https://www.washingtonpost.com/lifestyle/food/sharbat-bakery-review/2021/02/24/ee6ab946-7454-11eb-9537-496158cc5fd9_story.html internet səhifəsindən tanış olmaq mümkündür.

AZƏRTAC-ın Vaşinqton bürosu