12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirə zamanı postmüharibə dövrünün birinci ilinin yekunları ətraflı təhlil edildi, görülən işlər, həyata keçirilən islahatlar, əldə olunan uğurlar və qarşıdakı perspektivlər diqqətə çatdırılaraq geniş müzakirə olundu. Müşavirənin keçirilməsinin yüksək əhəmiyyətini qeyd etməklə yanaşı, eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə postmüharibə dövründə qarşıya qoyulan məqsədləri uğurla icra edib və etməkdə davam edir. Azərbaycan güclü iqtisadi imkanlarından istifadə edərək müasir, müstəqil dövlətimizin bundan sonra da qüdrətlənməsi istiqamətindəki hədəflərinə nail olur, dünyadakı mövqeyini daha da artırır, dünya miqyaslı və regional iqtisadi, siyasi layihələrin əsas təşəbbüskarı və icraçısı kimi çıxış etməkdə və rol oynamaqda davam edir. Bu baxımdan beynəlxalq təsisatların rəsmi statistik hesabatlarına baxsaq görərik ki, ölkəmizin uğurları artıq dünyada etiraf və təqdir olunur. Çətin müharibə dövründən çıxmış bir ölkənin müharibə bitdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işləri isə Azərbaycanın qətiyyətinin və qüdrətinin göstəricisidir. Bütün bunlar Azərbaycanın öz imkanı, öz potensialı hesabına başa gəlir. Əminliklə deyə bilərik ki, ümumilikdə keçən il ölkəmizin həyatında çox əlamətdar və nailiyyətlərlə dolu bir il olub.
Azərbaycanın bütün dünya dövlətləri və təmsil olunduğu beynəlxalq təşkilatlardakı rəsmi mövqeyi ondan ibarətdir ki, dünyadakı bütün problem və münaqişələr, anlaşılmazlıqlar sülh yolu, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Beynəlxalq hüquqa daim inanan ölkəmiz müharibənin heç bir ölkəyə və xalqa xeyir gətirmədiyini, əksinə dünyanı daha böyük itkilərə və fəlakətlərə sürüklədiyini bəyan edib. Müharibədən, işğaldan və etniktəmizləmədən uzun illər əziyyət çəkən bir millət olaraq bilirik ki, müharibələr bəşər tarixi üçün olduqca dəhşətli mənzərədir. Dövlət başçısı İlham Əliyev bu mövqedən çıxış edərək 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızın da sülh yolu ilə işğaldan azad olunmasının tərəfdarı olub, bununla bağlı dövlətimizin və xalqımızın sülhsevər mövqeyini dəfələrlə dilə gətirib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında saxladığı ərazilərdən qeyd-şərtsiz və dərhal çıxrılması ilə bağlı 4 qətnaməsinin və digər bir sıra beynəlxalq təşkilatların bunabənzər müvafiq qərar və qətnamələrinin yerinə yetiriləcəyinə ümidlər bəsləyib. Ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin icra olunacağına ümidlərimizi bu illər boyu üzməmişik. Lakin çox təəssüflər olsun ki, bu qərar və qətnamələr uzun illərdir sadəcə kağız üzərində qalıb, icrasına heç bir cəhd olmayıb. Bununla da dövlətlərin və beynəlxalq təşkilatların bu cür məsələlərə ikili standartlardan yanaşması beynəlxalq hüquqa olan bütün ümidləri puç edib. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, qəbul edən dövlətlər belə heç bir əməli addım atmayıb, Ermənistana qarşı bu əməllərindən, işğalçılıq siyasətindən əl çəkməsi üçün hər hansı bir sanksiya, təzyiq göstərməyib. Bu faktlar cəzasızlıq mühitinin yaranmasına, Ermənistanın daha böyük və radikal addımlara əl ataraq digər ölkələrin torpaqlarına əsasız ərazi iddialarına, eləcə də Azərbaycanın dövlət sərhədlərində müxtəlif vaxtlarda çoxsaylı təxribatlar törətməsinə gətirib çıxarıb. Dünya unutmamalıdır ki, Ermənistana göstərilən qeyri-adekvat loyal münasibət digər ölkələr və xalqlar üçün də olduqca təhlükəlidir.
Münaqişənin həlli məqsədilə Amerika, Rusiya və Fransanın təmsilçiliyi ilə təsis olunan ATƏT-in Minsk Qrupuna verilmiş mandat isə de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Çünki bu illər ərzində birbaşa missiyası və fəaliyyət istiqaməti münaqişənin həllinə yönəlmiş bu təsisat da yalnız sözdə bəyanatlar verməklə və hər iki ölkə ərazisində əhəmiyyətsiz səfərlər etməklə yadda qalıb. Bu gün artıq Minsk Qurpunun fəaliyyətinə bir ehtiyac və zərurət qalmayıb. Çünki Ermənistanın sonuncu irimiqyaslı sərhəd təxribatından sonra Azərbaycan öz hərbi gücü və qüdrəti ilə 44 günlük Vətən müharibəsi ilə tarixi və əzəli torpaqlarını Ermənistanın işğalından azad edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının həmrəyliyi, ordumuzun peşəkarlığı sayəsində ərazi bütövlüyümüz bərpa edilib, xalqımızın 30 illik Vətən, torpaq həsrətinə son qoyulub. Artıq bu reallığı bütün dünya qəbul etməlidir və edir.
Postmüharibə dövründə ölkəmizin xarici əlaqələri uğurla inkişaf edir. Bir sıra dövlətlərlə, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter alıb. Bundan sonrakı mərhələdə də Azərbaycanın mövqeyi qətidir və Ermənistanın müharibədən sonra imzalanan üçtərəfli bəyanatlara əməl etməsi birmənalı vacidbir. Azərbaycan bundan sonra Ermənistan tərəfindən Azrbaycanın ərazi bütövlüyünü tanıması, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir. Azərbaycan, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyasının aparılması və digər bu məsələlərlə bağlı sülh müqaviləsinin imzalamasının qeyd-şərtsizliyini irəli sürür. Bununla bağlı Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib.
İnanırıq və ümid edirik ki, Ermənistan öz çirkin niyyətlərindən və məkrli əməllərindən birdəfəlik əl çəkəcək, bölgədə sülhü təhdid edən, sülhə mane olan qəddar siyasətindəni dayandıracaq. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbətinin olması və prosesin xeyrinə bir sıra hadisələrin baş verməsi sülhə olan ümidləri artırır.
Sevindirici və qürurverici haldır ki, erməni vandalizminə məruz qalmış, vəhşicəsinə dağıdılmış, talan edilmiş işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi sürətlə davam edir. İlkin mərhələdə, həmin ərazilərdə başlanan quruculuq, abadlıq, yenidənqurma işləri, infrastruktur layihəri çərçivəsində “Ağıllı kənd” layihəsinin uğurla icra olunduğu Zəngilanın Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Arzu edirik ki, bölgəmizdə və dünyamızda daim sülh olsun. İnsanlarımız ata-baba yurdlarına qayıdaraq, orada əbədi və xoşbəxt yaşasınlar.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri