Azərbaycana qarşı qərəzli yanaşmanın kökündə islamofobiya dayanır

Tarix: 14.03.2023

Avropa İttifaqı ölkələri sırasında ən çox müsəlmanın yaşadığı Fransa islamofobiyanın ən çox təzahür etdiyi ölkədir. Özünü demokratik dəyərlərin və mədəniyyətin vətəni hesab edən bu ölkədə insan hüquqları ciddi şəkildə pozulur.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün Fransada müsəlmanların öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılmır və məhdudiyyətlər qoyulur. İslamofobiyanın Fransa Prezidenti Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer tutduğunu qeyd edən C.Məmmədov vurğulayıb ki, Azərbaycana qarşı qərəzli yanaşmanın kökündə də Fransada geniş yayılmış islamofobiya dayanır.

“İslam dünyasının nüfuzlu simalarından olan Məhəmməd peyğəmbərin şəxsiyyəti Fransada dəfələrlə təhqir olunub, karikaturası çəkilib. Bu, İslam aləminə təhqirdir. Peyğəmbər təhqir olunur, Fransa isə bu hadisəni ölkədəki insan hüquqları, mətbuat azadlığı və digər amillərlə əsaslandırmağa çalışır. Fransanın bəzi mətbuat orqanlarının zaman-zaman Türkiyə ilə bağlı qərəzli yanaşmaların da şahidi oluruq. Fransanın anti-türk, anti-müsəlman mövqeyi ilə seçilən “Charlie Hebdo” jurnalı qardaş ölkədə dağılan binaların, çevrilmiş avtomobillərin karikatura paylaşmışdı. Bu hərəkət insanlıqdan uzaq yanaşmadır. Fransanın bu yanaşması haqlı olaraq hiddət doğurdu”, - deyə C.Məmmədov qeyd edib.

Deputatın sözlərinə görə, Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və ya tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır.

“İslamofobiyanın yaranması dünyamız üçün böyük təhlükədir. İslam dininin, onun peyğəmbərinin, müqəddəs kitabımız “Qurani-Kərim”in təhqir olunması heç bir çərçivəyə sığmır”, - deyə Ceyhun Məmmədov bildirib.


https://azertag.az/xeber/Azerbaycana_qarsi_qerezli_yanasmanin_kokunde_islamofobiya_dayanir-2530460