Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanın məkrli niyyətlərini puç edir

Tarix: 30.11.2021


Bildiyimiz kimi, noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib, görüşün nəticəsi olaraq Soçi bəyanatı imzalanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı haqlı zəfərindən sonra keçən ilin 9 noyabr tarixində imzalanmış kapitulyasiya aktı, bu ilin 11 yanvar tarixində imzalanmış Moskva bəyanatının davamı olaraq Soçi görüşü və birgə qəbul edilmiş bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Azərbaycan həmişə, istər torpaqlarımızın işğal altında olduğu bir vaxtda, istər döyüş əməliyyatları dövründə, istərsə də sonrakı dövrdə bütün beynəlxalq hüquq və humanitar normalara riayət edib, eyni zamanda qarşı tərəfə də işğalçılıq siyasətindən əl çəkərək bu normalara əməl etməyə çağırışlar edib. Azərbaycan həmişə humanizm prinsiplərinin aliliyini əsas götürüb və Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və niyyətindədir. Çünki Azərbaycan dünyada və regionda sülhün, təhlükəsizliyin hökm sürməsində, bütün dövlətlərin qarşılıqlı dostluq və qonşuluq mühitində fəaqliyyət göstərməsində maraqlıdır. Azərbaycan istər münaqişə, istərsə də post münaqişə zamanı bu mövqeyini öz əməli addımları və qərarları ilə dəfələrlə sübut edib. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi bu illər ərzində öz əsassız ittihamlarından, məkrli və provakasiya xarakterli addımlarından, işğalçılıq siyasətindən əl çəkməmiş, regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olmuş, münasibətlərin diplomatik müstəvidə həll edilməsinə ciddi manelər yaratmışdır. Lakin Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsi və Ermənistanın təslimçi 10 noyabr bəyanatını imzalaması regionda yeni bir siyasi dövrün başlanmasına gətirib çıxardı.
26 noyabr Soçi bəyanatı da Azərbaycanın haqlı mövqeyinin bəyan edilməsi baxımından uğurlu üçtərəfli sənədlərdən biridir. Belə ki, burada dövlətimizin maraqlarının öz əksini tapdığını nəzərə alsaq görüşün nəticələrini müsbət qiymətləndirmək olar. Bu sənəd onu deməyə əsas verir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və bundan sonra da nail olacaq. Bəyanatda Qarabağ ifadəsinin yer almaması, Ermənistan tərəfinin həmişə əsassız olaraq iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışın edilməsi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması deyilənlərin əyani sübutudur. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.
Sənəddə Minsk Qrupuna aid heç bir bəndin yer almaması, həmsədr institutunun səmərəsiz və illərdir nəticəsiz qalmış fəaliyyətindən xəbər verir. Bununla da Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi status məsələsi artıq yoxdur və artıq gündəlikdən çıxarılıb.
Bəyanatda ölkələrin Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə və dönmədən yerinə yetirilməsinə tərəfdar olduqları öz əksini tapır. Bu, həm də o deməkdir ki, Ermənistanın götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyi, eyni zamanda öz təxribatçı ifadələrindən, əməllərindən əl çəkməsi ona bir daha xatırladılır.
Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib və bu prosesə təxirə salınmadan başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan tərəfinə isə açıq şəkildə təklif olunub ki, qarşıdurmaya son qoyulsun, hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi qarşılıqlı surətdə tanınsın, gələcəkdə normal qonşuluq mühitində yaşaması, normal münasibətlərin qurulması istiqamətində sülh müqaviləsi üzərində iş başlanılsın.
Ermənistanın 16 noyabr tarixli təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşündə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini istər danışıqlar, istərsə də güc yolu ilə mütləq açacağıq. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərini vurğulaması da məhz Zəngəzur dəhlizindən xəbər verir.
Ermənistanın öz mövqeyində əsaslı dönüş yaradacağına, imzalanan rəsmi bəyanatlararın müddəalarına əməl edəcəyinə, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olan təxribatçı niyyətlərindən və əməllərindən nəticə çıxaracağına və əl çəkəcəyinə ümid edirik. Azərbaycan isə öz mövqeyində qətiyyətlidir və bu istiqamətdə ardıcıl, məqsədyönlü addımlarını davam etdirir.
Kubra Əliyarlı
Binəqədi Bələdiyyəsinin komissiya sədri,
“Davamlı” İqtisadi və Sosial Maarifləndirmə ictimai birliyinin təsisçisi və sədri