Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq

Tarix: 01.12.2021


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.

Abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılıb.

Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Aşıq Ələsgər 1926-cı il martın 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırda ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi silsilə tədbirlərlə qeyd edilir.