Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans işə başlayıb

Tarix: 12.02.2020

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə fevralın 12-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

BŞH-nin ənənəvi qaydada hər il təşkil etdiyi beynəlxalq konfransın builki mövzusu Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr olunub. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və digərləri iştirak edirlər.

Konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən tanınmış əcnəbi mütəxəssislər çıxışları, xarici ölkələrin nümayəndələrinin öz təcrübələrini bölüşməsi nəzərdə tutulub.

Tədbirin keçirilməsində əsas məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə təşkil olunan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu istiqamətdə mütərəqqi beynəlxalq təcrübəni bölüşməkdir.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)