Baş məşqçi: Ötən il taekvondoda ən böyük nailiyyəti yeniyetmə idmançılarımız qazanıb

Tarix: 27.01.2023

Ötən il taekvondoçularımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanıblar. 2022-ci ilə ən böyük damğasını vuran isə yeniyetmə taekvondoçularımız olub. Millimizin sabahı hesab olunan yığma komandamız dünya birinciliyində 4, Avropa birinciliyində 8 medala sahib olaraq yeni tarix yazıb. Azərbaycan 77 ölkədən 670-dən çox idmançının qatıldığı mundialda (dünya çempionatı) ilk qızıl mükafatına sahib olub və medal sayında ən yaxşı nəticəyə imza atıb. Qitə çempionatında isə son 15 ilin rekordu qeydə alınıb. Komandamız beynəlxalq turnirləri də nəzərə alsaq, 2022-ci ili 26 (11 qızıl, 5 gümüş və 10 bürünc) medalla başa vurub.

Bu da növbəti illərə daha nikbin baxmağa əsas verir. Belə ki, 2022-ci ilin iyulunda Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yeniyetmə taekvondoçular arasında dünya birinciliyində Azərbaycan tarixdə ilk dəfə qızıl medalını qazandı. İdmançımız Mehdi Budaqlı (33 kq) fəxri kürsünün birinci pilləsində yer aldı.

Böyüklərdən ibarət taekvondo üzrə yığmamız cəmi 37 medal qazanıb. Kişi taekvondoçularımız il ərzində çıxış etdikləri bütün yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Dünya və Avropa çempionatında bürünc medal qazanan millimiz ümumilikdə 23 medala sahib olub.

Bu barədə müsahibəsində taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Elnur Amanov bildirib.

Qeyd edib ki, əvvəl yeniyetmələr arasında ilk dünya çempionatı Bakıda keçirilsə də, Azərbaycan idmançıları həmin yarışda qalib olmamışdı. Orada gümüş medalla kifayətlənmişdik. Bolqarıstandakı yarışda ilk dəfə qızıl medal qazandıq. Yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi kimi bu uğur hər birimizi sevindirdi. Həmin turnirdə üç idmançımız isə bürünc medal əldə etdi. Eləcə də bu yarışda komandamız yeniyetmə oğlanlar arasında da dünyada dördüncü oldu. Avropada yeganə ilk qızıl medalçısı ölkəmizin taekvondoçusu idi.

Ötən ilin sentyabrında böyüklərdən ibarət yığma komandaya böyük məşqçi təyin olundum. Sonra yığmanın taekvondoçuları ilə birgə Sloveniyada və Niderlanda beynəlxalq turnirlərdə iştirak etdik. Albaniyada 21 yaşlılardan ibarət Avropa çempionatında da qızıl medal qazandıq. Səkkiz il idi ki, yeniyetmələr arasında qızıl medala sahib olmamışdıq. Həmin yarışdan Vətənə üç medalla qayıtdıq. Qitə çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə etdik. Ümumiyyətlə, milli komanda 5 ildən sonra oxşar yarışda yenidən medal qazandı, idmançımızın fəxri kürsünün ən yüksək pilləsinə qalxması isə doqquz ildən sonra təkrarlandı.

Avqustda Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarını Azərbaycan taekvondoçuları 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.

Böyük məşqçi vurğulayıb ki, 2022-ci ildə taekvondo üzrə ən mötəbər yarış olan dünya çempionatı Meksikada təşkil edildi. Millimiz mundiala altı idmançı ilə qatılmışdı. Yarışın nəticələrinə görə taekvondoçumuz Cavad Ağayev dünya üçüncüsü oldu.

Adətən dünya çempionatlarında əsas namizədlər arasında Koreya idmançıları həmişə seçilib. Amma sonuncu mundialda İspaniya və Serbiyanı təmsil edən taekvondoçular qızıl medal qazandılar. Bu yarışda Meksika birinci, Koreya yığması ikinci yeri tutdu. Ümumiyyətlə meksikalılar ev sahibi ölkə kimi turnirə yaxşı hazırlaşmışdılar.

“Bundan başqa, ötən ilin dekabrında Azərbaycan çempionatı keçirildi. Həmin çempionatın nəticələrinə görə, hazırda Azərbaycanın yığma komandasının təlim-məşq toplanışında 17 ən yaxşı idmançımız cəlb olunub. Onlardan 8–i - Səyyad Dadaşov (54 kq), Həşim Məhəmmədov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və ağır çəkidə isə Əhməd Rza Bədri (87 kq+) sonuncu ölkə çempionlarıdır. Təlim-məşq toplanışında olan digər idmançılar isə həmin çempionatın mükafatçılarıdır. Biz onları bir çox idmançılar arasından seçmişik və nəticə əldə edəcəklərinə ümidvarıq.

Qadınlardan ibarət milli komandamız isə Sumqayıt Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır və orada beynəlxalq yarışlara hazırlaşırlar”, - deyə E.Amanov bildirib.

Məşqçi əlavə edib ki, bundan başqa, ötən il Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub. Taekvondoçularımızdan Cavad Ağayev hazırda Olimpiya və dünya reytinq cədvəllərində yüksək pillədə qərarlaşıb.