Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunan məruzələr dinlənilib

Tarix: 06.02.2020

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahi bəstəkar, görkəmli pedaqoq və ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü ilə bağlı konfrans keçirilib.

Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. “Qara Qarayev haqqında nə qədər danışsaq da azdır. Bir az əvvəl Fəxri xiyabanda onun məzarını ziyarət etdik. Sonra ev-muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Böyük bəstəkar zəngin və çoxşaxəli yaradıcılığa malikdir. Onun bəstəkarlıq məktəbi, məqalələri, ictimai fəaliyyəti kitabların, araşdırmaların mövzusu ola bilər. Dahi insanların gördüyü işlər qısamüddətli olmur. O, əsrlər üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, - deyə F.Əlizadə bildirib.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar”, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova “Qara Qarayevin estetik baxışları”, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Xatirələrlə yaşayan dahi sənətkar”, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Qara Qarayevin ev-muzeyi”, professor Cəmilə Həsənova “Qara Qarayevin pedaqoji prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir musiqi nömrələrinin dinlənilməsi ilə davam edib. Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın “Gürcüstan təpələrində” və “Mən sizi sevirdim” romansları dinlənilib, piano üçün 2 prelüdü, violin və piano üçün sonatası səsləndirilib.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)