Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadasını ləğv etməyi düşünmür

Tarix: 22.01.2021


Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarını ləğv etməyi düşünmür. Bununla belə, yarışın azarkeşsiz keçirilməsi variantı da istisna edilmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BOK İcraiyyə Komitəsinin üzvü Riçard Paund Kyodo agentliyinə müsahibəsində deyib.

R.Paund koronavirus pandemiyasının qarşısının alınmayacağı təqdirdə Oyunların azarkeşsiz keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb. O deyib ki, Olimpiadanın mövcud plana uyğun keçiriləcəyinə heç kim zəmanət verə bilməz.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, pandemiya səbəbindən yarışlar bir il təxirə salınıb. Oyunların cari il iyulun 23-dən avqustun 8-dək təşkili planlaşdırılır.