Beynəlxalq tədqiqatçılar Leonardo da Vinçinin yaradıcılıq üslubunun daha bir sirrini açıb

Tarix: 25.02.2021


Beynəlxalq tədqiqatçılardan ibarət qrupun rəhbəri, Milan Politexnik Universitetinin professoru Pyer Corcio Riqetti Leonardo da Vinçinin yaradıcılıq üslubunun daha bir sirrini açıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, tədqiqatların yekun nəticələri “Digital Archaeology and Cultural Heritage” elmi jurnalında nəşr olunub.

Tədqiqat qrupunun üzvlərindən biri, İsraildə çalışan Qleb Zilberşteyn bildirib ki, Məryəmin yeni doğulan İsa peyğəmbərlə olan rəsmlərinin əsasını ərəb və fars ənənələrindən gələn elementlərin radial (dairəvi) düzülüşü təşkil edir ki, bu da nəinki Leonardo, həm də onun yaratdığı məktəb üçün xarakterik hal hesab olunur.

“Rəqəmsal texnologiyanın köməkliyilə biz qədim dövrlərdən tutmuş renessansa qədər elementlərin radial düzülüşünü analiz etdikdən sonra əminliklə söyləyə bilərik ki, bu, “da Vinçi möhürü” Leonardo məktəbinin çəkdiyi rəsmlərin bir növ trafaretidir, başqa sözlə “da Vinçi kodu”nun özüdür, - deyə Q.Zilberşteyn vurğulayıb.

Qeyd edib ki, Konstantinopolun süqutundan sonra ortodoksal kilsə ikonası rəngkarlığının kanonları İtaliya da daxil olmaqla Şərq mədəniyyətinin güclü təsirinə məruz qalıb. Bu, nəinki Leonardonun, bütövlükdə renessans cərəyanının bədii üslubunun formalaşmasına təsir edib.