Binəqədi rayonunda 1 İyun- "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə Şəhid ailələrinin övladları ziyarət olundu

Tarix: 02.06.2021


01 İyun 2021-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə 1 İyun- "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə "Siz Vətənə əmanətsiniz" devizi ilə Vətən müharibəsi zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladlarını ziyarət etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov və aparatın əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qəhrəmanlarımız- Şükürov Anar Mikayıl oğlu, Hüseynoğlu Seymur Hüseyn oğlu, Ağamalıyev Şəhriyar Əvəz oğlu, Zeynalov Teymur Tağı oğlunun ailələrini ziyarət edərək, onların yadigarlarının-övladlarının bayramını təbrik etdilər.
Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” şüarını rəhbər tutaraq uşaqların yetişməsinə hər zaman xüsusi diqqət ayrılmasını, onların təhsil almalarına köməyin göstərilməsini və inkişaflarının dövlət tərəfindən xüsusi dəstəkləndiyini vurğulayan Sevinc Süleymanova və Ramiz Göyüşov xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilmələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını və bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu və onların qəlblərdə əbədi yaşayacaqlarını bildirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır, deyə əlavə etdi. Habelə şəhidlərimizin bizə əmanəti olan övladlarının qorunması, yetişdirilməsi və təhsil almalarına köməyin göstərilməsinin hər birimizin vəzifəsi olduğunu diqqətə çatdırdı və şəhid ailələrinin qayğılarının hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirdi.
Vətən uğrunda canını belə əsirgəməyən qəhrəmanlarımıza Allah rəhmət eləsin!