Binəqədi rayonunda “V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu

Tarix: 06.04.2022


2-3 aprel tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu. Konfrans 2 aprel Autizm Günü ilə əlaqədar həyata keçirildi.

     Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov açılış nitqi edərək qonaqları salamladı və Yeni Azərbaycan Partiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu,  bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən dövlətimizin bütün sahələrdə məqsədyönlü islahatların aparılmasından bəhs etdi. Bu gün dünyada baş verən gərgin geosiyasi proseslərin və bir sıra ölkələr arasında baş verən hərbi toqquşmaların fonunda ölkəmizdəki ictimai-siyasi sabitlikdən və əldə olunan uğurlardan danışdı. İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki tarixi qələbəmiz barədə fikirlərini qeyd edərək qəhrəman ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın azad edilməsini qeyd etdi. Vüsar İsmayılov, çıxışının davamında  partiyanın ötən ilin mart ayının 5-də keçirilən VII qurultayında qəbul edilən qərarlara toxunaraq ölkəmizdə həyata keçirilən islahatların partiyamızdan da yan keçmədiyini söylədi. Daha sonra bildirdi ki, Narınc Psixologiya Mərkəzi 14 ildən artıq bir müddətdir ki, “Sağlam Övlad, Xoşbəxt ailə” devizi ilə uşaqların və ailələrin psixi sağlamlığının qorunması və bu sahədə peşəkar kadrların hazırlanması yönümündə fəaliyyətini davam etdirir.

Daha sonra Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaq Problemləri" şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent - Psixiatr Araz Maniçöhri Lalei söz alaraq  konfransın işinə uğurlar arzuladılar. Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova  mərkəzin 14 illik fəaliyyətindən, artıq  V dəfə həyata keçirilən konfransın məqsəd və yaranma tarixindən bəhs etdi.  Sonda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov  çıxış edərək   “Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”nın mahiyyətini vurğuladı, iştirak edən qonaqlara və komandaya ürək sözlərini çatdırdı.

   Kiçik fasilədən sonra konfransın əsas, elmi hissəsinə keçid olundu. Ardıcıl olaraq    Araştırmacı, eczacı ve eğitmen, "Ona sözüm var kitabının yazarı" Sara Pour "Aşkın Aroması" mövzusunda, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "Çağdaş dövrdə ailə modeli. Problemlər və perspektivlər" mövzusunda, Narınc Psixologiya Mərkəzinin Baş Defektoloq-loqopedi Səbinə Oruczadə " Rinolaliyanın təsnifatı və korreksiya üsulları" mövzusunda, Yıldız Teknik Üniversitesi Eğitim Fakültesi Dekanı Mehmet Engin Deniz "Dijital çağda Anne Baba olmak" mövzsunda və son olaraq Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova "Narsist Şəxsiyyət Pozuntusu" mövzusunda çıxış etdilər.

Konfransın sonunda bütün iştirakçılara 7 beynəlxalq  sertifikat təqdim olundu.