Birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda Azərbaycan filmləri də göstərilib

Tarix: 22.04.2022

Bu gün Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu çərçivəsində Azərbaycanın animasiya filmləri də nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Forumda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar iştirak edir.

Azərbaycanı bu festivalda ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov təmsil edir.

Filmlər göstərilməzdən əvvəl Rəşid Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama milli animasiya filmləri daxildir.

Bu proqrama bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarında iştirak etmişik.

Elçin Hami Axundov deyib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxil olunub.

Festival çərçivəsində müxtəlif müsabiqələr, ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri keçirilir.

Animasiya Forumu aprelin 22-də başa çatacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd