Biz Qərbi Zəngəzura qayıdacağıq

Tarix: 16.07.2021


Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev iyul ayının 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə Şərqi Zəngəzur iqtisadi rayonundan da danışıb. Dövlət başçısı qeyd edib ki, iyulun 7-də imzaladığı Fərman əsasında digər iqtisadi zonalarla birlikdə Şərqi Zəngəzur iqtisadi zonası da yaradılıb. “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Cənab İlham Əliyev öz çıxışında həmçinin Qərbi Zəngəzura azərbaycanlıların qayıtmağının mexanizmi və vaxtına da aydınlıq gətirib.Bununla bağlı Prezident, Rusiya Azərbaycan və Ermənistanın dövlət başçılarının imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı xatırladıb:”İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...”
Azərbaycan Prezidentinin çıxışındakı bu məqamlar indiki dövrdə həm ölkə daxilində Azərbaycan ictimaiyyətinə, bütün azərbaycanlılara,həm də bütün dünyaya,həmçinin ermənilərə və onların havadarlarına ünvanlanmış çox mühüm əhəmiyyət kəsb edən,tarixi və strateji bir mesajdır.