Braziliyanın Paraiba Universitetinin tələbələri Qarabağda aparılan yenidənqurma işləri barədə məlumatlandırılıb

Tarix: 05.05.2021


Mayın 4-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Paraiba əyalətinin Paraiba Federal Universitetinin (UFP) Beynəlxalq əlaqələr fakültəsinin müəllim və tələbə heyəti, həmçinin onlayn izləyicilər üçün “Müdafiə və Təhlükəsizlik: sosial risklər” adlı tədris kursu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda mühazirə oxuyub, xüsusilə 44 günlük müharibənin gedişi və nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, E.Poluxov müstəqilliyimizin ilk günlərində ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu, Ermənistanın hərbi təcavüzü, Birinci Qarabağ müharibəsi nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, 1 milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, gənc dövlətimizin böyük çətinlik və problemlərlə üzləşdiyini diqqətə çatdırıb. İşğal altındakı ərazilərimizin azad olunmasının, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının hər zaman dövlətimizin prioriteti olduğunu qeyd edən E.Poluxov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı müdrik siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin ardıcıl və davamlı strategiyası nəticəsində işğala son qoymaq, erməni faşizmi üzərində Qələbə qazanmağın mümkün olduğunu bildirib.

Hazırda azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən danışan səfir ilk məcburi köçkünlərin doğma yurdlarına dönmə prosesinə 2022-ci ildən başlanacağını vurğulayıb, dağıdılmış ərazilərdə yenidənqurma işləri zamanı ən müasir texnologiyaların istifadə olunacağı, “ağıllı kənd və “ağıllı şəhər”, “yaşıl enerji” prinsiplərinin tətbiq ediləcəyini də diqqətə çatdırıb.

Səfir E.Poluxov bu prosesdə Azərbaycana dost ölkələrin iştirakının mümkünlüyü, gələcək planlar və perspektivlər haqqında da fikirlərini bölüşüb.

Sonda iştirakçıların sualları cavablandırılıb.