Müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən dövlətimizin beynəlxalq nüfuzunun və mövqeyinin möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, beynəlxalq siyasi arenada özünə layiqli yer tutmasına, xüsusilə işğal altındakı torplaqlarımızın azad edilməsi, həmin ərazilərdə törədilən misli görünməmiş erməni vandalizminin dünyaya çatdırılması istiqamətində uğurlu xarici siyasi kurs həyata keçirilmişdir.
Sevindirici və qürurverici haldır ki, ulu öndər Heydər Əliyev siyasəti bu gün də ölkəmizdə davam edir və inkişafımıza mayak tutan əsas prioritetlərdəndir. Hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib, əlaqələri genişlənib. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarmaqla yanaşı, bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirib. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. Təbii ki, bütün bunlar ölkəmizin qüdrətini və müstəqil siyasətini göstərməklə bərabər, eyni zamanda milli maraqlara söykənən mövqeyini diqtə etməyə imkan verir. Bu gün Azərbaycan güclü dövlətdir və dünya dövlətləri, beynəlxalq təşkilatlarla sıx, qarşılıqlı faydalı əlaqələrini inkişaf etdirir.
44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonrakı dövrdə də Azərbaycan dünya dövlətləri ilə uğurlu və məqsədyönlü xarici siyasi əlaqələrini davam etdirir, mütəmadi olaraq təşkil edilən qarşılıqlı səfərlərdə bu münasibətlərin gələcək perspektivləri dərin təhlil və müzakirə edilir. Azərbaycan dünyadakı bütün münaqişə və mübahisəli məsələlərin sülh yolu ilə danışıqlar masası arxasında həllində maraqlıdır. Dövlətimizin bütün səyləri də məhz bu istiqamətdədir. Ermənistanla postmünaqişə dövründə münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə baş tutan rəsmi təmaslar və aparılan danışıqlar da bunlara nümunədir. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılır.
Bu ilin aprel ayının 6-da Prezident İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə səfər etməsi, səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi, eyni zamanda milli maraqlarımızın təmin olunmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin keçirdiyi görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Bu gündəliyə əsasən qəbul edilən qərarlara nəzər salsaq, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarların verildiyini söyləmək olar. Belə ki, görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsası Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında danışıqların aparılmasıdır. Bununla yanaşı, sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə edilməsi də sərhəddə gərginliklərin aradan qaldırılması üçün atılan mühüm addımdır. Bu qərar, xüsusilə son zamanlar baş verən sərhəd təxribatlarının qarşısının alınmasına ümidlər doğurur. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinadın olmaması Azərbaycanın qətiyyətli mövqeyinin təntənəsi hesab edilə bilər. Çünki dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında ali tribunalardan bəyan edib ki, artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Son 30 ildə Minsk Qrupu öz fəaliyyətini yerinə yetirə bilməyib, münaqişənin həllində heç bir rol oynamayıb, təşəbbüskarlıq göstərməyib. Bu gün isə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində də Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi nəzərdə tutulur. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Avropanın ən böyük beynəlxalq təsisatlarından biri olan Avropa İttifaqı ilə səmərəli və konstruktiv əməkdaşlığın uğurlu nəticələr verəcəyinə ümid edirik. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərin göstərilməsi bu ümidləri daha da artırır.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri