Çində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası işə başlayıb

Tarix: 17.07.2021


Çinin Fucou şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü geniş sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Çin hökumətiilə birgə təşkil etdiyi sessiya təşkilatın tarixində ilk dəfə olaraq videokonfrans formatında keçirilir. Cədvəl üzrə ötən il keçirilməli olan 44-cü sessiya COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Sessiya 2020 və 2021–ci illəri əhatə etdiyindən uzadılaraq 15 gün davam edəcək. Tədbirin gedişində Dünya Mədəni İrs Siyahısına düşmək üçün 45 yeni müraciətə baxılacaq, habelə artıq siyahıda olan obyektlərin vəziyyəti haqqında 258 hesabat təqdim olunacaq. Sessiya çərçivəsində onlayn görüşlər, seminarlar, sərgilər təşkil ediləcək.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyasının Çində keçirilməsi barədə qərar komitənin 2019-cu ildə Bakıda keçirilmiş 43-cü sessiyasında qəbul olunub.

Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Bu siyahıya hazırda 1121 obyekt daxildir ki, onların 869 mədəni, 213-ü təbiət, 39-u isə qarışıq abidədir.

Azərbaycandan həmin siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

Hazırda palçıq vulkanlarına geopark statusu verilməsi və onların UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır. Bundan başqa, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və milli memarlığımızın incilərindən hesab olunan Xudafərin körpülərinin də Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflər var və bu istiqamətdə işlərə başlanılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin