Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada idman ölkəsi kimi tanınır

Tarix: 28.03.2022


Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşü ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının, idmanın gələcəkdə uğurlu perspektivinin təmin edilməsi istiqamətində atılmış ən əhəmiyyətli addımlardan biridir. Azərbaycanda idmanın inkişafı, idmançılarımızın ölkəmizi uğurla təmsil etməsi, dünya idman arenalarında layiqli yer tutması, gənclərimizin sağlam həyat tərzinə daha çox cəlb edilməsi üçün çoxsaylı dövlət proqramları icra olunmaqla yanaşı, dünya standartlarına cavab verən idman infrastrukturu yaradılır. Bütün bunlarla yanaşı idmançılarımıza mənəvi-psixoloji dəstəyin göstərilməsi, onların simullaşdırılması üçün dövlət başçısı onlarla daim görüşür, söhbət aparır, onların fikir və təkliflərini öyrənir.

Azərbaycanda bütün sahələr olduğu kimi idmanın uğurla inkişaf etdirilməsi də dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Çünki dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük idman hərəkatına başlanılıb və bu uğurlar bizi dünyada uğurlu idman ölkəsi kimi tanıtmaqla yanaşı, gənclərimizin peşəkar idmançılar olaraq yetişməsinə əsaslı töhfələr verir, beynəlxalq yarışlarda öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atması da bu baxımdan görülən işlərin və idmançılarımıza yaradılan şəraitin bariz nəticəsidir. Azərbaycan idmançıları 34 Avropa ölkəsinin idə iştirak etdiyi yarışda 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanıblar. Bu göstəricilərlə milli komandamız dünyanın bir sıra inkişaf etmiş ölkələrinin milli komandalarını geridə qoyaraq komanda hesabında birinci yerə layiq görülüb.

Avropada birinci olmaq böyük nailiyyətdir, ölkəmizin təbliğ edilməsi baxımından müstəsna töhfədir. Ölkəmizin dövlət himninin qalibiyyət kürsüsündə yeddi dəfə səsləndirilməsi, Vətənimizin uğurla təmsil edilməsi dünya ictimaiyyətinə olduqca tanış mənzərədir. Ölkəmizi və xalqımızı tərənnüm edən istənilən nailiyyət hər bir azərbaycanlının qüruruna və iftixarına səbəb olur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda idmanın inkişafı bir istiqamətli deyil, çoxşaxəli inkişaf edir və burada idmanın bütün sahələri əhatə olunur. Milli idman növü kimi güləş isə Azərbaycanda idmanın inkişaf etdiyi bütün növləri arasında xüsusi yer tutur. Bütün dövrlərdə Azərbaycanda güclü, peşəkar, əzmkar güləşçilərimiz yetişib və müxtəlif yarışlarda Azərbaycanı ləyaqətlə təmsil ediblər. Lakin müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin bütün sahələrin inkişafını hədəfləyən məqsədyönlü siyasi strategiyası ilə idmanın köklü sürətdə inkişaf etməsinin əsası qoyulduqdan sonra xüsusilə peşəkar, vətənpərvər idmançılar yetişməyə başladı. Bu gün də idman siyasəti ölkə prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan gəncliyi təkcə beynəlxalq idman yarışlarında deyil, Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün bərpası və möhkəmləndirilməsi istiqamətində də dünyaya nümunədir. Parlaq gəncliyimiz istər idman, istərsə də hərb meydanında öz qətiyyətini və qüdrətini ən ali səviyyədə və xalqımıza layiq şəkildə sübut edir. 30 ilə yaxın bir müddətdə erməni qəsbkarları tərəfindən işğal edilən ata-baba yurdlarmızın düşməndən azad edilməsi əməliyyatlarında idmançı gənclərimiz də iştirak edərək tarixi zəfərimizin qazanılmasında yaxından iştirak ediblər. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərli altında rəşadətli ordumuzun bu qalibiyyəti və ərazi bütövlüyümüzün bərpa edilməsi xalqımızın 30 illik həsrətinə son qoydu, düşmən tapdağı altında inləyən yaramıza əsl məlhəm oldu. Artıq idmançılarımız dünyada qalib ölkənin, əsl qəhrəmanlıq salnaməsinə imza atmış bir məmləkətin övladları kimi beynəlxalq idman yarışlarında təmsil olunur, Vətənimizin tarixi qələbəsinə yeni-yeni qələbələr əlavə etməkdə davam edirlər. Azərbaycan qüdrətli və yenilməz bir ölkədir, Azərbaycanda və ya digər ölkələrdə yaşamasından asılı olmayaraq soydaşlarımızın qəlbi daim birgə döyünür. Ən böyük və müqəddəs amalımız isə dövlətimizə və xalqımıza layiqli vətəndaşlar olmaq, uğurlu sabahlarımızın təminatçısı, ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdir. Xalqımız hər zaman həmrəydir və bu həmrəylik bundan sonra da milli inkişaf strategiyamızda əsas hədəflərimizə nail olmaqda əvəzsiz töhfə olacaq. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki zəfərimizdə şübhəsiz ki, Azərbaycan xalqının birliyi müstəsna rol oynadı.

Azad edilmiş torpaqların yenidənqurulması, dirçəldilməsi, əvvəlki görkəminə qaytarılmasının sürətlə getdiyi bir vaxtda həmin ərazilərdə idmanın inkişafı, yeni idman obyektlərinin inşası da diqqət mərkəzindədir. Artıq bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin baş planlarında öz əksini tapır.

Biz inanırıq ki, ölkəmizdə həyata keçirilən idman islahatlarının nəticəsi olaraq Azərbaycanda idman növləri bundan sonra da inkişaf edəcək və dünya miqyasında aparıcı idman ölkələrindən biri kimi tanınmağa davam edəcəkdir.

 

Vüsar İsmayılov,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri