Əli Əhmədov: Münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesə cəlb edilməlidir

Tarix: 09.10.2020


“Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Türkiyə ilə ölkəmiz  arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət-iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının birgə keçirdiyi videokonfransda deyib.

Əli Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından və dostluğundan danışır. Eyni zamanda, bu dostluğun və qardaşlığın Azərbaycanın ədalətli savaşında nə qədər böyük dəstək verdiyini özündə ehtiva edir.

Əli Əhmədov problemin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib: “Bu gün Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda ədalətli savaşa başlayıb. Azərbaycanın hər bir vətəndaşı istəyir ki, 30 il işğal altında olan torpaqları azad etsin. Ərazilərimiz işğaldan azad olunur və Azərbaycan bayraqları bu torpaqlarda dalğalanır. Bu savaş bütün ərazilərmiz azad edilənə qədər, sərhədlərimiz bərpa olunana qədər davam edəcək. Ölkədə bütün xalqımız, o cümlədən bütün partiyalar, QHT-lər Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycanın və Türkiyənin apardığı işlər nəticəsində biz buna nail oluruq. 30 il ərzində bu münaqişənin sülh yolu həllini gözləmişik”.

YAP Sədrinin müavini qeyd edib ki, bu illər ərzində ATƏT-in Minsk qrupu və həmsədrləri bu münaqişənin həlli və işğal altındakı torpaqlarının azad edilməsi üçün gərəkən işləri görə bilmədilər: “Azərbaycan öz haqq işi uğrunda mübarizəsini aparır. Bu mübarizə Qafqaza sülh gətirəcək. Türkiyə haqqın və ədalətin yanındadır. Qarabağı işğaldan azad etməklə Azərbaycan Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün töhfələrini verir. Ümid edirəm ki, döyüşlər başa çatanda işğaldan azad olunan Qarabağda YAP və AKP-nin birgə toplantısını keçirəcəyik. Azərbaycanda hər kəs bu savaşın böyük qələbə ilə başa çatması ilə yaşayır. Ordumuz və Prezidentimiz  bu böyük qələbə üçün hər bir insanın istəyini və lazım olan hər şeyi edir. Türkiyə cəmiyyətində də hər kəs Qarabağ savaşından danışır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu ötən illər ərzində özünü doğrultmadı. Ona görə də, münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesdə fəal iştirak etməlidir. Çünki zaman göstərdi ki, problemin həlli üçün regiondan uzaqda olan dövlətlər deyil, məhz region ölkələri böyük töhfələr verə bilər. Bu baxımdan, Türkiyənin rolu xüsusi qeyd edilməlidir”.