Əminə Dilbazinin 100 illiyi Torontoda qeyd olunub

Tarix: 28.11.2019

Kanadada fəaliyyət göstərən “Azerbaijani Women’s Support Centre North York Civic Centre”də (AWSC) Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.

AWSC-nin idarə heyətinin üzvləri Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlərindən danışıblar.

Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə Dilbazinin həyatı ilə yanaşı, Dilbazi nəslinin tarixi və onların Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirakı barədə ətraflı məlumat verib.

Əminə Dilbazinin tələbəsi Qəmər Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb. “Əminə xanımın özünəməxsus orijinal ifa tərzi var idı. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimizin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qalıb”, - deyən Qəmər xanım bildirib.

Əminə xanımın dünya xalqlarının rəqslərinə də geniş yer ayırdığını söyləyən tələbəsi, eyni amanda, müəlliminin mötəbər beynəlxalq müsabiqə və festivallarda iştirakını, Azərbaycan rəqslərini uğurla təbliğ etdiyini vurğulayıb.

Xatirə gecəsində iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev başda Nazilə İsgəndərova olmaqla tədbirin təşkil olunmasına görə AWSC-yə təşəkkürünü bildirib.

Tədbirdə “Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz və Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşadıblar.

 

 AZƏRTAC