Energetika Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası ilə anlaşma memorandumu imzalayıb

Tarix: 15.04.2021


Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı məqsədilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında anlaşma memorandumu imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bərpaolunan enerji dövlət başçısı İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpaolunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir. Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir. IFC ilə birgə əməkdaşlıq səyləri Azərbaycanda dənizdəki külək enerjisinin istehsalının inkişafına, habelə bərpaolunan enerjidən istifadə sahəsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək”.

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibke Şloymer bildirib: "IFC-nin Azərbaycan üzrə strateji prioritetlərindən biri ölkənin özəl sektorun iştirak etdiyi yeni inkişaf modelinə keçidini dəstəkləməkdir. Neft və qaz resursları ilə zəngin olan ölkənizə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsinə və inkişaf etdirilməsinə yardım etməklə özəl sektorun inkişafı gücləndirilə, eyni zamanda, enerji keçidi dəstəklənə bilər. Bu, Azərbaycanın infrastrukturunun inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynayacaq”.

Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.

Anlaşma memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” (ESMAP) çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan 100-dən çox ölkədə fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyasına 1995-ci ildən üzvdür.