Ərazilərimiz bundan sonra da ciddi qorunacaqdır

Tarix: 15.09.2021


Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycanın nüfuzunu xeyli yüksəltdi. Son vaxtlar dünyanın iri dövlətləri Azərbaycanla iki- tərəfli əlaqələri daha da genişləndirirlər. Bu, həm siyasi əlaqələrin şəbəkəsinin və məzmununun genişlınməsində, həm də iqtisadi inkişafın təmin edilməsində əhəmiyyətlidir. Dünya dövlətlərinin Azərbaycanla bu səviyyədə siyasi, iqtisadi, hərbi əməkdaşlıq etməsi dövlət olaraq Azərbaycana ehtiramın, inamın nəticəsidir. Azərbaycan Ordusu ilə qürur duyuruq. Vətən müharibəsində böyük Zəfər qazanan ordumuz Zəfərdən sonra beynəlxalq təlimlərdə uğurla çıxış edir. Ordumuzu təmsil edən hərbçilər “TurAz Şahini -2021” birgə təlimlərində, Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimdə, Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərdə, Moskvada “Tank biatlonu”, “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak etdi, mükafatlar qazandı. İstər təlimlərdə, istərsə də müsabiqələrdə iştirak inamdır. Qonşu dövlətlər Azərbaycan ordusunun qüdrətinə bələd olmasaydı, bu qüdrətlə hesablaşmasaydı, bu təlimlərə, müsabiqələrə dəvət olunmazdı... Ordumuzun döyüş hazırlığının təkmilləşməsində əhəmiyyətli olan bu təlimlər, gələcəkdə də davam etdiriləcəkdir. Yəni qonşu dövlətlər Azərbaycan Ordusnunu döyüş hazırlığının daha da yüksələcəyinə, kifayət qədər ciddi tərəfdaş olduğuna inanır. Bu inam hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Ordu həmişə dövlət üçün prioritet olub, bundan sonra da olacaq. Əminik ki, Müzəffər sərkərdəmizin rəhbərliyi ilə ordumuz ərazi bütövlüyümüzü bundan sonra da ciddiyətiylə qoruyacaqdır. Heç bir dövlət Azərbaycanın torpaqlarına meyillənməyə cəsarət etməyəcəkdir... Səbinə XASAYEVA, Milli Məclisin deputatı