Əsas mühərriklərini işə salan “Hayabusa-2” kosmik zondu Yerə doğru istiqamət götürüb

Tarix: 03.12.2019

Dekabrın 3-də əsas mühərriklərini işə salan Yaponiyanın “Hayabusa-2” kosmik zondu Yerə doğru hərəkətə başlayıb.

  Bu barədə Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb. Bildirilir ki, Ryuqu asteroidindən süxur nümunələri götürmüş zond Yerə çatmaq üçün 800 milyon kilometr məsafəni qət etməlidir. Onun gələn il noyabrın sonlarında və ya dekabrın əvvəllərində Yerə çatacağı gözlənilir.

Qeyd edək ki, “Hayabusa-2” zondu asteroidi noyabrın 13-də tərk edib. Yerə doğru istiqamət götürməmişdən əvvəl, noyabrın 20-dən dekabrın 2-dək zondun ion mühərrikləri sınaqdan keçirilib.

Bildirilir ki, onun asteroiddən götürdüyü süxur nümunələrində üzvi maddələr aşkar ediləcəyi təqdirdə, bu, Günəş sisteminin formalaşmasının və Yerdə həyatın yaranmasının tədqiqi istiqamətində mühüm irəliləyişə səbəb ola bilər. Həmin nümunələri Yerə göndərən zond yeni missiya üçün yola düşəcək.

JAXA-dan bildiriblər ki, cazibə qüvvəsini aradan qaldırmaq və zondun hərəkət trayektoriyasına zərər vurmamaq məqsədilə nümunələrin Yerlə Ay arasında olan məsafəyə bərabər nöqtədən göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Taneqaşima kosmik mərkəzindən buraxılan “Hayabusa-2” zondu ötən ilin iyununda Ryuqu asteroidinə çatıb.

AZƏRTAC