Fransa hərbçilərini Burkina-Fasodan çıxarır

Tarix: 26.01.2023

Burkina-Faso hökumətinin tələblərini nəzərə alaraq, Fransa bir ay ərzində hərbçilərini bu ölkədən çıxaracaq.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses iki ölkə arasında 2018-ci ildə imzalanmış müqavilənin Burkina-Faso tərəfindən ləğv edilməsinə uyğun olaraq həyata keçiriləcək.

Hazırda Burkina-Fasoda 400 Fransa hərbçisi xidmət edir. Onlar fevralın sonunadək ölkədən çıxarılacaq. Hərbi texnikanın və avadanlıqların çıxarılması isə aprelin sonlarında başa çatacaq.

Qeyd edək ki, ötən həftə Burkina-Faso hökuməti Fransadan hərbçilərini ölkədən çıxarmağı tələb etmişdi.