Gənc ailələr arasında aparılan maarifçilik işi genişləndirilməli və gücləndirilməlidir

Tarix: 13.01.2022


Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində xalqımızın tarixində olduqca mühüm və əhəmiyyətli proseslərdə kişilərlə bərabər qadınlar da iştirak edib. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququnun verilməsi təkcə xalqımız üçün deyil, bəşəri proseslər üçün də tarixi nailiyyətdir. XX əsrin sonunda Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra da qadınların cəmiyyətdə rolu yeni tarixi bir mərhələyə qədəm qoydu, qadınlar cəmiyyətdə milli-xəlqi məsələlərin də həllində daha fəal iştirak imkanı əldə etdilər. Müasir Azərbaycanda qadınlar cəmiyyətin inkişafı baxımından bütün sahələrdə iştirak edirlər. Qadınlar idarəçilik, biznes, ictimai-siyasi, hüquq-mühafizə və ədliyyə orqanları da daxil olmaqla ən müxtəlif sahələrdə layiqincə təmsil olunurlar.

Eyni zamanda, bugün gender bərabərliyinin təmin olunması, cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılması ölkəmizdə aktual problemlər sırasındadır.

Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi hər zaman Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi bəll olunmaqdadır.

Gender ayrı-seçkiliyinin aradan qaldırılmasına dair uğurlu milli siyasətin formalaşdırılması, kişilər ilə qadınlar arasında real sosial bərabərliyin təmin edilməsi də bizim yerinə yetirməli olduğumuz əsas vəzifələrdəndir.

Gender probleminin həll edilməsi ilə bağlı bir sıra problemlərin mövcud olduğunu da qeyd etmək lazımdır. Mən diqqəti erkən nikahlar məsələsinə yönəltmək iştəyirəm. Ötən illərlə müqayisədə erkən nikah hallarının azalması qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ mümkün olmayıb. Bu, hələ də ciddi münasibət gözləyir. Hər kəsə məlum olduğu kimi, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Fiziki və psixoloji baxımdan hazır olmadan 18 yaşına çatmayan qızların erkən nikaha cəlb olunması və ya buna məcbur edilməsi nəticəsində cəmiyyətdə ana və uşaq ölümlərinin sayı artır. Qeyd etmək lazımdır ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Azərbaycan Respublikası Konsitusiyanın 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Erkən nikaha cəlb olunmuş qızlar isə təhsil almaq və deməli, cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir.

Məlum olduğu kimi, bugün erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır və gələcəkdə bu fəaliyyətin daha da genişlənəcəyi, daha böyük kütlələri əhatə edəcəyi şübhəsizdir. Bu işdə cəmiyyətin fəal vətəndaşları ilə yanaşı, kütləvi informasiya vasitələrinin gücündən də səmərəli istifadə edilməlidir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Bir çox televiziya verilişlərinə cəmiyyətdə mənfi imic qazanmış, ailəsindən ayrılmış insanlarin dəvət alması, onların gənc ailələrə məsləhət verməsi təəssüf doğurur. Yaxşı olardı ki, belə verilişlərə olkəmizin tanınmış, xalq üçün gərəkli illər yaşamış ağsaqqalları, ağbirçəkləri, ictimai-siyasi xadimləri, hüquq mühafizə orqanlarının tanınmış nümayəndələi daha çox dəvət edilsinlər. Necə deyərlər, könül gerçəkliyi görəndə daha çox sevinir. Bir sözlə, aparılan profilaktik işlərə xüsusi diqqət yetirilməsini məqsədəuyğun bilirəm.

Digər mühüm bir məsələ isə qadınların məşğulluq imkanlarının genişləndiril­məsi və əmək bazarında gender bərabərliyinin təmin olunması, qadın sahibkarlığının stimullaşdırılması, qadınların rəqabətliliyinin artırılması məqsədilə əmək bazarında prioritet istiqamətlər üzrə hazırlığının təşkili, milli qanunvericilikdə bununla bağlı beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirmələrin aparılması həlli vacib məsələlərdəndir.

Qadın zoragılğına qarşı cinayət əməllərinə görə heç kim məsuliyyətdən kənarda qalmamalı və bütün iştirakçılar ən ağır cəzaya məhkum edilməlidirlər. Təəssüflər olsun ki, bəzi hallarda gənc xanımların həyatının dözülməzliyinə bais olan kişilər, bu prosesdə iştirak edən şəxslər şikayətçi tərəfindən bağışlandığına görə yüngul cəzalandırılır ki, bu da gələcəkdə belə neqativ halların davam etməsinə imkan yaradir. Bir məqamı da unutmaq olmaz: şikayətçi onları həqiqətənmi bağışlayır, yoxsa buna məcburmu edilir?

Qeyd edilən problemlərin aradan qaldırılması gənc qadınlar və ailələr arasında aparılan maarifçilik işini daha da genişləndirməyi və gücləndirməyi tələb edir.



Səbinə XASAYEVA,

Milli Məclisin deputatı