Gömrükdə aparılan islahatlara dair potensialın gücləndirilməsi üzrə seminar təşkil olunub

Tarix: 24.01.2019

Yanvarın 23-də Dövlət Gömrük Komitəsində (DGK) “Gömrük sistemində aparılan islahatlarla əlaqədar potensialın gücləndirilməsi və peşə biliklərinin artırılması” ilə bağlı seminar keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, seminarın məqsədi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası və gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi barədə tədbir iştirakçılarını məlumatlandırmaq olub.

DGK-nın sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” ilə bağlı Fərmanına uyğun olaraq, cari ilin fevral ayının 1-dən etibarən sistemin tam tətbiqinə başlanacaq: “Bu günədək komitə tərəfindən istər iş adamları, istərsə də prosesin birbaşa iştirakçısı olacaq gömrükçülər üçün müxtəlif seminarlar təşkil edilib. Bugünkü seminarın əsas məqsədi gömrükçüləri və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrini bir daha maarifləndirmək, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası qaydaları ilə tanış etmək, məlum fərmanda öz əksini tapan müddəaları, bəndləri birlikdə müzakirə etməkdir”.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov isə qeyd edib ki, “Yaşıl dəhliz” buraxılış sisteminin səmərəli şəkildə tətbiq olunması və effektivliyinin təmin edilməsi gömrük əməkdaşlarının bilik və bacarıqlarından çox asılıdır: “Aparılan maarifləndirmə işlərinin məqsədi də sistemin uğurlu şəkildə tətbiq edilməsinə nail olmaqdır və bu mənada fevralın 1-nə qədər sistemin reallaşdırılması ilə bağlı bütün suallar cavabını tapmalı, həm gömrükçülər, həm də biznes nümayəndələri qaydaları dərindən mənimsəməlidirlər”.

Seminarda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası. İdxal-ixrac əməliyyatları və digər proseduralar”, “Gömrük sistemində risklərin idarə edilməsi”, “TIR EPD sistemindən istifadə və onun tətbiqi” və sistemin tətbiqinə dair digər mövzularda təqdimatlarla çıxış ediblər.

İştirakçılara “Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi” ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)