Hikmət Hacıyev: Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır

Tarix: 12.04.2021


Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib: “Türkdilli ölkələrin dövlət media qurumları ilə bərabər, özəl media qurumları arasında da təmasların qurulmasına ehtiyac var. Çünki məqsəd məlumatların geniş şəkildə işıqlandırılmasına nail olmaqdır. Mediaforum konsepsiyası barədə də düşünürük. Ölkələr arasında biznes-forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.

Türkdilli ölkələrin media resursları arasında ortaq yayımının olduğunu diqqətə çatdıran Hikmət Hacıyev bildirib ki, bu, əsasən dövlət televiziya resursları vasitəsilə həyata keçirilir. “Bildiyiniz kimi, “TRT AVAZ” uzun müddət fəaliyyət göstərib. Azərbaycanın Dövlət Televiziyasının və İctimai Televiziyanın Türkiyədən və digər qardaş ölkələrdən olan televiziya resursları ilə əlaqələri mövcuddur, həmçinin AZƏRTAC-ın münasibətləri var. Amma ortaq qiymətləndirməmiz ondan ibarətdir ki, dost və qardaş ölkələrimiz haqqında verilən məlumatların həcmi bu gün tam qaneedici səviyyədə deyil. Məsələn, qardaş Türkiyə ilə Azərbaycan arasında bu münasibətlər çox yaxşı şəkildə qurulub. Biz Vətən müharibəsi dövründə də gördük ki, qardaş Türkiyə mediası Azərbaycanın media mənsubları ilə çiyin-çiyinə ön cəbhədən xəbərləri verirdilər. Amma qardaş Mərkəzi Asiya ölkələrinin media resurslarında Azərbaycan xəbərlərinin daha fəal şəkildə işıqlandırılması, yaxud onların xəbərlərinin ilkin mənbədən alınaraq ölkəmizin mediasında işıqlandırılması üçün birgə fəaliyyətə ehtiyac var”, - deyə Prezidentin köməkçisi əlavə edib.